YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bişkekdə Nizami Gəncəvinin abidəsinin açılışı olub

Bişkekdə yerləşən 103 nömrəli ümumtəhsil məktəbində Şərqin ən böyük şairlərindən və mütəfəkkirlərindən olan Nizami Gəncəvinin büstünün təntənəli açılış mərasimi keçirilib.

Təntənəli mərasimdə Azərbaycanın Qırğızıstan Respublikasındakı səfiri Lətif Qəndilov, Qırğızıstan Respublikası Parlamentinin (Joqorku Keneşin) sabiq spikeri, Qırğızıstan Respublikası Ağsaqqallar Şurasının sədri Medetkan Şerimkulov, Qırğızıstan Respublikası təhsil nazirinin müavini Bekjan Supanaliyev, mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Marat Taqayev, Joqorku Keneşin deputatı Nurjiqit Kadırbekov, Azərbaycanın Dostları Klubunun prezidenti Assol Moldokmatova, Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Almaz Bukalayev, 103 nömrəli məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri, həmçinin Bişkekdə yaşayan azərbaycanlılar iştirak ediblər.

Qırğızıstan Respublikası Ağsaqqallar Şurasının sədri Medetkan Şerimkulova bildirib ki, Qırğızıstan ilə Azərbaycanı bir-birinə ortaq tarixi köklər, mədəni ənənələr və mənəvi-əxlaqi dəyərlər bağlayır.

"Nizami bütün dünyada olduğu kimi, ölkəmizdə də sevgi və ehtiramla yad edilir. Xatırlatmaq istəyirəm ki, şairin ilk və sevimli həyat yoldaşı da adı əslində Appak (qırğız dilindən tərcümədə – göz qamaşdıran bəyazlıq, kristal təmiz deməkdir– red.) olan həmyerlimiz Afaq olub. Məhz ona Nizami çoxlu şeirlər həsr edib".

Digər qonaqlar çıxışlarında Nizami Gəncəvinin dünya ədəbiyyatı qarşısındakı xidmətlərindən bəhs ediblər. Onların bir çoxu görkəmli şairin adını daşıyan paytaxt məktəbinin şagirdlərinə müasir dünyanın yeni Nizamisi olmağı arzulayıblar.

"Fəxr edin ki, Siz təkcə şair deyil, həm də böyük mütəfəkkir olan Nizami adına məktəbdə təhsil alırsınız. Siz də onun nail ola bildiyi yüksək zirvələrə can atın", - deyə millət vəkili Nurjigit Kadırbekov bildirib.

Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Lətif Qəndilov yekun nitqində böyük şairin abidəsinin kimin təşəbbüsü ilə açıldığı barədə danışıb. "Ötən il Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvinin adını daşıyan 103 nömrəli orta ümumtəhsil məktəbinin açılışını ediblər. Bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və göstərişi ilə Nizami Gəncəvinin büstünü açıq elan edirik. Bu abidə xalqlarımızın yaxınlığının, qohumluğunun rəmzinə çevriləcək. Ölkələrimiz arasındakı münasibətlər heç vaxt indiki kimi yüksək səviyyədə olmayıb. Bu münasibətlərin müəllifləri isə bizim hörmətli prezidentlərimizdir", - səfir qeyd edib.

DİGƏR Xəbərlər Arxiv