YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin istər siyasi, istərsə də iqtisadi sahələrdə uğurla inkişaf etdiyini bildirərək, özünün Dünya İqtisadi Forumuna səfərləri zamanı İsveçrənin dövlət başçıları ilə mütəmadi görüşlərinin əməkdaşlığın müzakirəsi baxımından önəmini qeyd etdi.

Ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxundu, onların işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğuladı və bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu bildirdi.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə insanların rahat yaşaması üçün müasir texnologiya, yaşıl enerji, “ağıllı kənd” konsepsiyalarının həyata keçirildiyini deyərək, bunların əməkdaşlığımızda yeni istiqamətlər yaratdığını vurğuladı.

Azərbaycan Prezidenti, eyni zamanda, SOCAR-ın İsveçrədəki fəaliyyətini, İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymasını biznes sahəsində əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev qarşıdan gələn illərdə əməkdaşlığın daha da genişlənəcəyinə və güclü tərəfdaşlıq əlaqələrinin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Səfir, ilk növbədə, Qarabağa səfərinə toxunaraq, orada gedən yenidənqurma işləri ilə tanış olduğunu qeyd etdi, İsveçrə şirkətlərini buraya dəvət etmək istəyində olduğunu dedi.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafında İsveçrə şirkətlərinin fəal iştirak etdiyini bildirən Tomas Ştel bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

Azərbaycan ilə artıq 20 ilə yaxındır ki, əməkdaşlıq proqramının həyata keçirildiyini bildirən səfir İsveçrə şirkətlərinin Azərbaycanda makroiqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərini məmnunluqla qeyd etdi.

DİGƏR Xəbərlər Arxiv