YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev siyasətinin təntənəsi  Ulu Öndərin əbədiyaşar ideyalarından qaynaqlanır

Adilə Abasova

2-ci dərəcə dövlət müşaviri, YAP Veteranlar Şurasının üzvü, Fizika-riyaziyyat elmləri doktoru, professor

Bu  il oktyabr ayının ortalarında  Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev  Xocalı, Xankəndi,  Ağdərə, şəhərlərinin mərkəzi meydanında, Sərsəng su anbarının ərazisində  Azərbaycan  Respublikasının  Dövlət  Bayrağını  qaldırması qələbə soraqlı sevincimizə yenidən sevinc qatdı.  Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən Prezident  İlham Əliyev   dedi:  -“... Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür!” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminidik və inanırdıq ki, bu gün gələcək.  İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır. ...Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik...”

Bəli, bu gün sevinc  hissi ilə qeyd etdiyimiz bu qələbə bizə heç də asanlıqla başa gəlməmişdir. Prezident İlham Əliyevin bu gün fəxrlə, fəxarət,  qürur  hissi ilə bu reallıqlardan bəhs etməsi, ona diqqəti  yönəltməsi təbii ki, özü tam təfsilatı ilə  qeyd etməsə də,  onun 20 illik  səmərəli, gərgin,  fasiləsiz  fəaliyyətinin və böyük zəhmətinin  nəticəsidir. 

Tarixə diqqət yetirsək görərik ki, bu illər ərzində  xalqımızın qətiyyətli, uzaqgörən  lideri olan İlham Əliyevin Azərbaycan  Respublikasının Prezidenti seçilməsindən  ötən dövr ərzində  Azərbaycan xalqının taleyində elə önəmli,  mühüm əhəmiyyət kəsb edən günlər olub ki, onlar  haqqında  nə qədər istəsən danışmaq,  şərh etmək olar və ən əsası da  budur ki, həmin tarixi günlərdə xalqımızın müqəddaratını, taleyüklü məsələlərini  həll edən önəmli hadisələrin  əsası qoyulub.  Bu tarixdə15 oktyabr 2003-cü ildə  İlham Əliyev xalqın etimadını qazanaraq, Azərbaycan Respublikasının prezidenti seçilməsi  ilə dövlətimiz   yeni  eraya qədəm qoydu.  Heç kəsə sirr deyil ki,  bu  illər (2003-2023) ölkəmizin tarixinə sürətli  dirçəliş, inkişaf,  yüksəliş dövrü kimi yazıldı. 

Tarixin ötən,  parlaq illərinə nəzər  salsaq görərik ki, 2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək, gələcəyinə ümid bəslədiyi, inandığı  liderin kimliyini  göstərdi və  qeyd etdi ki, “...qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 Ulu öndərin tövsiyələrini dəstəkləyən xalq  İlham Əliyevi prezident seçməklə ilk  növbədə  Heydər Əliyevin siyasi kursuna səs vermiş oldu. Ən başlıcası dəstəklədikləri  kursa sadiqliyini nümayiş etdirən xalq  dahi şəxsiyyətə   inamını, məhəbbətini  bir daha sübut etdi.

Hadisələrin  sonrakı  gedişatı göstərdi ki,  2003-cü il oktyabrın 15-də Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin  xalqımızın etimadını qazanaraq Azərbaycan  Respublikasının Prezidenti seçilməsi ilə  ölkəmizin müqəddaratında yeni bir  mərhələnin, yeni bir dönəmin   başlanğıcı qoyulmuş oldu. 

 İlham Əliyev ötən 20 illik fəaliyyəti dövründə  ona bəslənilən ümidləri bütünlüklə doğruldub, xalqa verdiyi bütün vədləri mərhələlərlə  yerinə yetirdi.  Onun apardığı siyasət nəticəsində bütün sahələrdə sürətli inkişafa nail olundu, insanların rifahı, sosial durumu  ildən-ilə  nəzərə çarpacaq dərəcədə yaxşılaşdı.  Dünya  müstəvisində ölkəmizin   nüfuzu, siyasi-iqtisadi imkanları genişləndi,  mövqeləri daha da möhkəmləndi. Prezident  İlham Əliyevin apardığı məqsədyönlü  siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Bütün bunlarla yanaşı, Azərbaycanda ordu quruculuğu  sahəsində  həyata keçirilən  mühüm işlər, hərbi hazırlıq, ordumuzun müdafiə qüdrətinin artırılmasının diqqət mərkəzində saxlanılması, güclü müdafiə sənayesinin yaradılması  Dağlıq Qarabağın gec-tez  Azərbaycanın ərazisi olacağına olan ümidi  daha da artırırdı... 

Məhz Azərbaycan Prezidentinin  apardığı  xarici siyasətin məqsədli, düşünülmüş olması  nəticəsində bütün  dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi bir daha onu təsdiqlədi ki, heç bir halda  Azərbaycan dövləti öz dədə -baba torpaqlarından əl çəkməyəcək və  Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və bu  mümkün  də deyil.  

 Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu gənclər siyasəti,  kadr islahatları  da diqqətdə saxlanıldı. Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar zamanı, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alındı. Dövlət idarəetmə sistemində son illər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi rəğbətlə qarşılandı. Bu, ölkənin inkişafında gənclərə olan böyük inamın və etibarın təzahürü oldu. Eyni zamanda, idarəçilik sistemində yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birləşməsi yüksək səmərə verdi. Güclü iqtisadiyyatın mövcudluğunu  hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə də bağlı  bir sıra mühüm tədbirlər gördü. Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Nəhəng infrastruktur layihələrinin, Olimpiya İdman komplekslərinin inşaası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşaası səhiyyə sisteminin inkişafını göstərən başlıca amillərdən oldu.   Paytaxtda, o cümlədən respublikanın hər yerində  məktəblər  tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Ötən 20 il ərzində Azərbaycan böyük yollar qət edərək neft-qaz sektorunda önəmli yerləri tutdu. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici amil olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Ötən illərdə Azərbaycan, həm də Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Oğuz-Qəbələ-Bakı su kəmərinin və Taxtakörpü su anbarının istifadəyə verilməsi kimi nəhəng layihələrin icrasına nail oldu. Bu gün artıq  Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatları arasında rəqabət qabiliyyətinə görə 46-cı yerdədir. Bu gün ölkəmizin göstəriciləri hər bir ölkə üçün nümunə ola bilər. Ölkəmizdə bir milyondan çox iş yerləri açılıb. Bu reallıqdır. Təbii ki, bu nailiyyətlərin təməlində neft amili  və   neftdən uğurla istifadə edən  dövlət siyasəti dayanır.

Ölkə başçısı İlham Əliyevin regionların sosial-iqtisadi ilə bağlı inkişafı diqqətdə saxlaması bir daha onu göstərdi ki, artıq şəhərlə kənd arasında olan fərqlər aradan qaldırıldı. Bu gün Azərbaycanın hansı rayonuna getsən  vaxtilə bölgələrdə olan problemin aradan qaldırıldığının şahidi olarsan. Hazırda Azərbaycanın bölgələrində  yaradılan rahat şəraiti, zəruri infrastrukturla təmin olunması  onu Avropanın regionlarından heç də geridə qoymur.

Hamının yaxşı xatirindədir  ki, Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən  müstəqil Azərbaycan  dövlətini   qüdrətli, inkişaf etmiş  dövlətə çevirmək üçün var gücü ilə çalışacağını  bəyan etmişdir.  O,  qısa zaman kəsiyində verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü, inkişaf etmiş  dövlətlərindən birinə çevirdi.  Cənab İlham Əliyev şəxsiyyətinin böyüklüyü həm də ondadır ki,  o, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Təbii ki, xalqla dövlət bir olanda, xalq dövlət başçısına  inananda,  dövlət başçısı xalqa söykənəndə, vəhdət, birlik, sabaha inam olanda   onda  dövlət basılmaz,  qüdrətli, uğurları tükənməz olur...

 Müşahidələrə istinadən deyə bilərik ki, müxtəlif sahələrdə yetəricə  nailiyyətlərə imza atan  Prezident İlham Əliyevin tarixdə  qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır.  Ötən 20  ilin reallıqlarını şərh edəndə onun   zirvəsində  işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.   44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız  azad olunması ilə Azərbaycan dövləti nəyə qadir olduğunu  bütün dünyaya  sübut etdi. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı.  Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi  isə tariximizə Zəfər Günü kimi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.... İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış, toz basmış  qətnamələrini Azərbaycan özü icra etdi. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu.

 Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.

 Dünyanın diqqət mərkəzində olan və hərb tarixində  xüsusi yeri olan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini –  dərin zəkasını,  bacarığını, ən başlıcası sərkərdəlik məharətini üzə çıxardı. Onun  əməliyyatlara şəxsən nəzarət etməsi, döyüşən orduya tapşırıqlarını  birbaşa özü verməsi  qələbəni şərtləndirən, tezləşdirən  mühüm amillərdən biri oldu. Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti , reallıqları bütün dünyaya bəyan etməsi də qələbəmizin tərkib hissəsi oldu.  Müharibə dövründə Prezident İlham Əliyev xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 23 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda proseslərə nəzarət edən, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu.

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələri  birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin  silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxarılması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.  Hazırda Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar.

 Prezidentimizin müdrik, gələcəyə hesablanmış siyasəti, təbii ki, ilk növbədə, Azərbaycan dövlətin müdafiə qüdrətini artırdı. Biz Vətən müharibəsinin gedişində buna əyani surətdə şahidlik etdik. Prezident İlham Əliyev Cənubi Qafqazdakı hazırkı tarixi prosesin ssenari müəllifidir, regionun inkişaf meyillərini görən və istiqamətləndirən strateqdir. Hədəfi dəqiq nişan ala bilən bu strateji addımların bəhrəsi hazırda həyatımızın hər bir sahəsində aydın hiss olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin təkmilləşdirilməsi, siyasi dialoq mühitinin yaxşılaşdırılması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın demokratik sütunlarının daha da möhkəmlənməsini təmin etdi.

Xalq bu gün öz dövlətinin yeni tarixini silinməyən, qızılı hərflərlə yazır. Artıq  Ulu öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevin və müzəffər ordunun  sayəsində tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.
Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə erməni cəhdlərinə son qoyulacaqdır...

 Anadan olduğum, böyüyüb boya-başa çatdığım  Zəngilan rayonunun işğalından 27 il  sonra  yenidən azad olunan torpağa qədəm qoymağımı  yəqin ki, heç vaxt unuda bilməyəcəyəm.  Zəngilan şəhəri Vətən müharibəsinin 24-cü günündə işğaldan azad edildi. Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində şanlı Azərbaycan Bayrağını ucaltdı. Həmin gün xüsusilə, biz zəngilanlıların sevincinin həddi-hüdudu yox idi. Asan məsələ deyildi. 27 il sonra biz döğma yurd-yuvamıza, həsrətini çəkdiyimiz torpaqlara qayıdacayıq. Zəngilanın azad edilməsi -20 oktyabr 2020 il müstəqil Azərbaycan dövlətinin tarixində yeni bir səhifə, yeni bir  səlnamə açdı. Prezident İlham Əliyevin Zəngilana hər səfəri biz zəngilanlılar tərəfindən böyük  sevinc, ruh yüksəkliyi ilə qarşılanır. Hər səfər  Zəngilana yeni ruh, yeni nəfəs gətirir.. Hər bir Zəgilanlı geri qayıdacağı günü səbirsizliklə gözləyir.  Bu gün erməni tapdağından nicat yolu tapan  rayonumuzda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır  və Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılması yeni şəhər salınmasından xəbər verir. “Ağıllı kənd” ilə başlanğıcı qoyulan,  o cümlədən Zəngilan Konqres Mərkəzinin, “Azərenerji” ASC-nin Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işləri, sənaye,  inzibati binaların,  hotel kompleksinin, Zəngilan Mərkəzi Xəstəxanasının inşaası yeniləşən Zəngilan deməkdir. Bu gün Azərbaycan dövləti öz gücü hesabına azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərini  həyata keçirir. Bunun nəticəsidir ki, Vətən müharibəsinin qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra "Ağıllı kənd" layihəsinin ilk nümunəsi olaraq Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Sakinlər yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olundular. Eyni zamanda Zəngilan Beynəlxalq Hava Limanı inşa edilərək istismara verildi. Bu, azad olunmuş ərazilərdə qısa müddət ərzində inşa edilən ikinci aeroportdur. Zəngilan Beynəlxalq Hava Limanının ilk ali qonağı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyub Ərdoğan oldu. Beynəlxalq hava limanının istifadəyə verilməsi şübhəsiz ki, bölgənin inkişafında vacib rol oynayacaq. Prezident İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında bildirdi ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb: "Ağalı "ağıllı kəndi"nə, - burada videoda da siz onu gördünüz, - ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil də qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq". Azərbaycan Prezidentinin bu il iyulun 31-də imzaladığı sərəncamla işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. 20 oktyabr - Zəngilan şəhəri günü elan edilib. Bu həm də onunla əlamətdardır ki, artıq Azərbaycanın bütün ərazisində üçrəngli bayrağımız dalğalanır.

Təbii ki, bu ərazilər dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Xalqımız, eləcə də bütün dünya bu ərazilərdə böyük sürətlə aparılan misilsiz yeniliklərin şahididir. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının  yenidən qurulması qaynar həyatın olacağından soraq verir.

 İnanırıq ki, tezliklə  Azərbaycanın işgaldan azad olmuş bütün ərazilərində  həyat öz axarı ilə davam edəcək və prezidentimizin qeyd etdiyi kimi bizlər  qonaqları öz doğma torpağımızda qarşılayaraq, “ xoş gəlmisiniz!”- deyəcəyik...

 Göründüyü kimi Azərbaycan  Respulikasının  prezidenti İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin sayəsində ölkəmizin  ərazi bütövlüyünün qorunması,  xalqa ləyaqətlə xidmət etmək, sosial rifahın yaxşılaşdırılması, bir sözlə  hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır.

Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz Prezident İlham Əliyev siyasətinin təntənəsidir və bu siyasət   Ulu Öndərin əbədiyaşar ideyalarından qaynaqlanır.

DİGƏR Xəbərlər Arxiv