YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropanın ikiüzlü siyasətinin arxasında dayanan maraqlar açıqlandıqca…

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti və onun uğurları əksər hallarda ikili standartları ilə diqqətdə olan ölkələr və beynəlxalq qurumlar tərəfindən qısqanclıqla qarşılanıb və ölkəmizə qarşı qərəzli təbliğatla müşayiət olunub. Azərbaycan zaman-zaman bunu istər artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin həllinə, istərsə də ölkəmizin demokratik inkişafına yanaşmada görüb. Amma reallıq budur ki, belə mövqe heç zaman Azərbaycan dövlətini ruhdan salmayıb, hər zaman tarixi həqiqətləri özündə əks etdirən təbliğatı, diplomatik uğurlarının davamlılığını təmin etməsi ilə diqqətdə olub. Bəzi dünya gücləri, beynəlxalq qurumlar hələ də başa düşmək istəmirlər ki, onların ikili standartlara əsaslanan siyasətləri həm ölkələr arasında vacib amil olan etimad mühitini sıfra endirir, həm də kiçik dövlətlərə keçməyə çalışdıqları “ədalət və beynəlxalq hüquq” dərslərindən xəbərsiz olduqlarını sübut edirlər. Bu kimi hallar dünyanın bəzi aparıcı güclərinin ikiüzlü siyasətinin, riyakarlığının təqdimatıdır. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bütün çıxışlarında bu mühüm reallığı xüsusi vurğulayır ki, ölkəmizə qarşı beynəlxalq səviyyədə qərəzli kampaniyalar aparılır. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuz il davam edən işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur.

Təbii ki, Azərbaycanın diplomatik uğurları, tarixinin zəfər səhifələrini zənginləşdirməsi bu hekayələri sona yaxınlaşdırır. Buna əmin olmaq üçün tarixi Zəfərimizdən ötən 3 ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atdığı addımlara və onun uğurlu nəticələrinə diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman olduğu kimi bu gün də sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, 30 illik işğal dövrünün davamı olaraq hazırkı postmünaqişə mərhələsində də bəzi dünya gücləri, beynəlxalq təşkilatlar regionda vəziyyəti gərginləşdirməkdə maraqlı olduqları üçün Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini uzatmasına dəstəklərini davam etdirirlər. Ölkəmizə qarşı daim qərəzli mövqeyi ilə fərqlənən Avropa Parlamentinin son addımları bunun bariz nümunəsidir. Bu bədnam qurum oktyabrın 5-də Fransa hökumətinin təhriki ilə Azərbaycan əleyhinə növbəti heç bir əsasa, ədalətə, beynəlxalq hüquqa sığmayan, adi kağız parçasından başqa bir şey olmayan qətnamə qəbul etdi. Təbii ki, bu sənəd qurumun qəbul etdiyi ilk qətnamə deyildi. Dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayı yaddan çıxıb. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu qətnamələrin hansı əsasda qəbul edildiyi məlumdur. Avropa Parlamentinin korrupsiya yuvası kimi tanınması bütün məqamlara aydınlıq gətirir. Bunun üçün təkcə ötən ilin dekabrında qurumda ortaya çıxan rüşvət qalmaqalını, Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Yeva Kaylinin milyonlarla dollarlıq korrupsiya cinayətində ittiham edilməsini yada salmaq kifayətdir. Korrupsiyalaşmış deputatlardan ibarət Avropa Parlamentindən ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən istənilən addımı gözləyə bilərik. Oktyabrın 17-də Avropa Parlamentinin Ermənistanın baş naziri Nikol Paşinyana xüsusi münasibəti, onun qurumun iclasındakı çıxışında qeyri-ciddi bəyanatlar səsləndirməsinə geniş imkanlar yaratması da Avropanın ikiüzlü siyasətini bir daha ortaya qoydu.

Vüqar Rəhimzadə vurğulayıb ki, bəzi dünya güclərinin atdığı belə qərəzli addımların əsasında sülh müqaviləsinin imzalanmasına mane olmaq dayanır. Ermənistanın baş nazirinin Avropa Parlamentinin tribunasından özünü “sülh gündəliyinin müəllifi kimi” təqdim etməsi onun riyakarlığının göstəricisidir. Nikol Paşinyanın Avropa Parlamentinin sessiyasında səsləndirdiyi bəyanat növbəti dəfə bu ölkənin Azərbaycana qarşı absurd ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi. Ərazilərimizi işğal altında saxladığı 30 ilə yaxın müddətdə bir milyona qədər azərbaycanlının hüquqlarını kobud surətdə pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törədən təcavüzkar dövlətin Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizləmməsi”ndə ittiham etməsi Avropa Parlamenti kimi ədaləti və beynəlxalq hüququ ayaqlar altına atıb tapdalayan qurumların marionet ölkəyə dəstəklərinin nəticəsidir. Sülh müqaviləsini imzalamamaq üçün Azərbaycana qarşı qərəzli ittihamlarını davam etdirən Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində, həmçinin birgünlük lokal antiterror tədbirlərində aldığı dərsi unutmamalıdır. Dövlətimizin başçısının oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində səsləndirdiyi “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın” bəyanatı Ermənistana dəstək verən Avropa təsisatlarına da ciddi mesajdır.

YAP Xətai rayon təşkilatının sədri diqqəti Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alan mühüm məqamlara yönəldərək bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ regionunda qondarma separatçı erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan baş nazirinin davam edən sərsəmləmələri sülh perspektivlərinə xələl gətirir.

DİGƏR Xəbərlər Arxiv