YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının "Laçın şəhər 2 nömrəli məktəb" ünvanı üzrə yeni - 54 saylı ərazi partiya təşkilatı təsis edilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın davamlı uğurlarından geniş bəhs edib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərin geniş təhlilinə və gənc nəslə çatdırılmasına imkanlar yaradır. Son 20 ilik dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə tarixə yazıldı. Üç il bundan öncə bugünkü günlərdə Azərbaycan xalqı hər an, hər saniyə Müzəffər Ali Baş Komandan İlham Əliyevdən işğal altında olan şəhərlərimizin, kənd və qəsəbələrimizin düşmən tapdağından azad olunması müjdəsini gözləyirdi. Azərbaycan Ordusu 44 günün hər gününü tariximizə Zəfər səhifəsi kimi yazaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Bu gün azad olunmuş torpaqlarımız dirçəliş dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyev bütün azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasını qarşıya əsas vəzifə kimi qoyur. Təbii ki, bu uğurlarımızda cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının öz payı var.

İlqar İlyasov qeyd edib ki, bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi hər bir qərar, irəli sürdüyü təşəbbüs Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmət edir. 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar, həmin ilin sonunda günümüzün əsas çağırışlarını özündə ehtiva edən yeni Proqramın təsdiqlənməsi gələcək üçün müəyyənləşdirilən hədəflərin reallığa çevrilməsinə böyük stimul oldu. Partiyanın hər bir rayon təşkilatı üzərinə düşən vəzifəni yerinə yetirmək üçün səylərini daha da artırır, bütün qüvvə və bacarığını səfərbər edir.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi zəngin və şərəfli yoldan bəhs edib. Natiq bildirib ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. YAP yarandığı gündən tutduğu yola sadiqliyi, sözlə əməl birliyi ilə xalqın böyük etimadını qazanıb. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsində də Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, Prezident İlham Əliyevin siyasətinə inamla yanaşı, partiyanın ötən 30 ilə yaxın dövründə dövlətə, xalqa xidmət nümunəsini nümayiş etdirməsi, hər zaman ölkəmizin gələcəyini düşünərək bunu əməli fəaliyyətində təsdiqləməsi mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bir partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. Hər birimiz bu məsuliyyəti dərindən dərk edərək partiyanın proqram və nizamnaməsindən irəli gələn vəzifələrin icrasına öz töhfələrimizi verməliyik.

Daha sonra partiya fəalları Sevinc Cabbarova, Oktay Məmmədov, Şəbnəm Uğurlu, Ülviyyə Cəfərova və rayon ziyalısı Qəzənfər Hüseynov YAP-ın keçdiyi şərəfli yol və işğaldan azad olunmuş bölgələrdə yeni ərazi təşkilatının yaranmasının əhəmiyyətindən söhbət açıblar.  

Daha sonra yeni yaradılan Ərazi Partiya Təşkilatına sədr və müavin seçilib.

DİGƏR Xəbərlər Arxiv