YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda “Sözümüz imzamızdır!” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi münasibəti ilə “Sözümüz imzamızdır!” adlı tədbir keçirilib.

Əvvəlcə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad edilib.

Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik uğurlu fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 32-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev yolu müstəqil Azərbaycanımıza daha böyük uğurlar qazandırmaqdadır. Məhz son 20 ildə bu siyasətin Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təkmil islahatların həyata keçirilməsi, qarşıya yeni-yeni hədəflərin qoyulması bu əminliyə əsas verir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərinin reallıqlarını yaşayır.

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Azər Badamov və Hikmət Məmmədovun çıxışlarında vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanı hər ötən gün inkişaf etdirərək yeni zirvələrə, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır. Qeyd olunub ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail olub. Diqqətə çatdırılıb ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və lokal xarakterli antiterror tədbiri nəticəsində tam bərpa olunan suverenliyimiz bu uğurların məntiqi nəticəsidir.

Tədbirdə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə bədii hissə ilə yekun vurulub.

DİGƏR Xəbərlər Arxiv