YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib dövlət, qürurlu xalq

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyev 20 il əvvəl xalqa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyinə söz verdi və bu müqəddəs amal uğrunda yorulmadan çalışdı. Prezidentimiz xalqımızı da ruhdan düşməyə qoymadı və hər kəsi inandırdı ki, biz nəyin bahasına olursa olsun torpaqlarımızı qaytaracağıq. Prezident İlham Əliyev 20 il ərzində xalqımızın tarixinə yeni şanlı səhifələr yazdı. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Azərbaycanın 200 illik tarixində ən böyük Qələbəyə imza atdı. Xankəndində müqəddəs bayrağımızı qaldıran Prezidentimiz Azərbaycanın bütövlüyünü və suverenliyini özünə qaytardı.

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən sürətli inkişaf mərhələsinə keçib. İqtisadiyyatımız 4 dəfədən çox artıb. İqtisadi gücümüz artdıqca ordu quruculuğu istiqamətində də böyük işlər görüldü. Prezident İlham Əliyev güclü Azərbaycan Ordusu yaratdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından sayılır. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ordumuz 2020-ci ildə cəmi 44 günə torpaqlarımızı işğaldan tam azad etdi. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri uğurla başa çatdırıldı. Bununla da Azərbaycan suverenliyini bərpa etdi.

Ötən əsrin 80-ci illərinin axırlarından başlayaraq Azərbaycanda ictimai-siyasi vəziyyət getdikcə ağırlaşırdı. Qarabağda fəallaşan erməni millətçiləri bölgəni Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi barədə məsələ qaldırdılar. Qarabağdakı millətçilər, daşnaklar və xaricdən bura gətirilən terrorçular azərbaycanlıları qətlə yetirdilər. O vaxtlar Azərbaycanda siyasi hakimiyyətdə olanlar bütün bu hadisələrə göz yumurdular, tədbir görməyə cəsarətləri çatmırdı. AXC - Musavat cütlüyünün zorla hakimiyyətə gəlişindən sonra vəziyyət daha da pisləşdi. Ermənistan ordusu ard - arda torpaqlarımızı işğal etməyə başladı. Hakimiyyətdə olanların başı Azərbaycan dövlətinin sərvətlərini talamağa qarışmışdı. O vaxtlar Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olsaydı torpaqlarımız işğal olunmazdı, ermənilər Xocalı, Daşaltı, Malıbəyli, Meşəli və digər soyqırımları həyata keçirə bilməzdilər. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda hakimiyyətdə olduğu və 1982-ci ildən 1987-ci ilədək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrlərdə ermənilər bir dəfə də olsun cürət edib Qarabağda bu cür cinayət əməlləri törədə bilməzdilər. Bütün hadisələr Heydər Əliyevin Sovet rəhbərliyindən uzaqlaşdırıldıqdan cəmi 2 həftə sonra baş vermişdi. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan cəmi 6 il Heydər Əliyevsiz qalmışdı və bu 6 il xalqımız üçün faciəvi, böhranlı, utanverici illər kimi tarixdə qaldı.

Prezident İlham Əliyev torpaqlarımızı erməni işğalından azad etdi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edərək xalqımızın qürur və ləyaqətini özünə qaytardı. Artıq biz qalib dövlət, qürurlu xalqıq. Bu gün Azərbaycan bütövdür və ölkəmizin bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır. Prezident İlham Əliyev 20 il ərzində Azərbaycanı güclü, qüdrətli, dünyada böyük nüfuza və söz sahibinə malik bir dövlətə çevirdi. Heç bir dövlət, qüvvə bizimlə zorla, təhdidlə danışa bilməz. Bir vaxtlar Xankəndində özlərini "prezident", "baş nazir" adlandıran, Azərbaycana hədə qorxu gələnlər artıq Bakıda təcridxanada öz layiqli cəzalarını gözləyirlər.

15 oktyabr 2023-cü tarixi Azərbaycanda yaşayan azərbaycanlılarla bərabər bütün dünya azərbaycanlıları üçün tarixi bir gündür. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimizin bərpası uğrunda şəhid olanların ruhlarının şad olduğu gündür. Bu gün Xankəndində, Xocalıda və bütün şəhər və kəndlərimizdə qaldırılan Azərbaycan bayrağı əbədi bu yerlərdə dalğalanacaq. Tarix kitablarımızda xalqımız qəhrəman xalq, Prezident, Ali Baş Komandan İlham Əliyev bütöv Azərbaycan dövlətini yaradan qalib sərkərdə kimi yazılacaq.

DİGƏR Xəbərlər Arxiv