YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xankəndidə Azərbaycan Bayrağının ucaldılması böyük xoşbəxtlik və qürurdur

“Son üç ildə hər birimiz üçün qürurverici məqamlardan biri ölkəmizin həyatında əhəmiyyətli rol oynayan tarixlərin, bayramların işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunması və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu məkanlardan mesajlarını çatdırmasıdır. Torpaqlarımızın 30 ildən  sonra tarixi sahibinə qovuşması, ölkəmizin həyatında yeni mərhələnin başlanması tariximizin zəfər səhifəsi kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək. Oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev tariximizin zəfər səhifələrini daha da zənginləşdirdi. Bundan xoşbəxt nə olar bilər ki? 30 il xalqımız bütün bayramlarda, tarixi günlərdə bu arzunu ifadə edirdi: “Gün gələcək üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Arzuları gerçəkliyə çevirən Prezident İlham Əliyevin Azərbaycan Bayrağını bu məkanlarda ucaldarkən keçirdiyi qürur hissi hər birimizi qürurlandırdı. Dövlətimizin başçısı Xankəndidən bu mesajı ünvanladı: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, “Heydər Əliyev İli”ndə Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda ucaldan dövlətimizin başçısı Ümummilli Liderin 20 il bundan öncə Ona olan inamını, etimadını doğrultdu, verdiyi bütün vədləri yerinə yetirdi. Üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik: “Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir.”

Millət vəkili onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyevin Qarabağa hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, bu torpaqlarımızın bərpası və yenidən qurulması istiqamətində mühüm addımlarla yadda qalır: “Cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyini tariximizə qürurverici hadisə kimi yazdığı bu səfəri zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi, Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Dövlət Bayrağımızın ucaldılması mərasimləri keçirildi,  Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin, Şuşa rayonunun Malıbəyli kəndinin ərazisinə, Əsgəran qalasına və ərazisinə baxış, Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq oldu.”

Malik Həsənov diqqəti bir daha 2003-cü ildən başlanan Böyük Yolun davamına yönəldərək bildirib ki, 20 il bundan əvvəl Prezident seçilən İlham Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə və  ərazi bütövlüyümüzü qoruyacağına söz vermişdir: “Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı İlham Əliyev  qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə,  torpaqlarda, şəhər və kəndlərdə qaldırılsın. Bu gün həmin qürurlu anların sevincini və xoşbətliyini yaşayırıq. Müzəffər Ali Baş Komandan bir daha nəyi, necə, nə vaxt etmək lazım olduğunu nümayiş etdirdi. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan üçrəngli bayrağımız qürurumuz, kimliyimiz və dünyaya ünvanlanan bu mesajımızdır ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Bu gün Xankəndinin mərkəzində, Azərbaycan Gerbi, Bayrağı altında olmaq böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə  tariximizdə əbədi olacaq. Yeni  nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.”

Millət vəkili bu mühüm məqama da diqqəti yönəldib ki, 17 oktyabr dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq Füzuli Şəhəri Günüdür: “Bu mühüm sənəd Zəfərimizin əbədiləşdirilməsinə və şəhər günlərinin təsis edilməsinə xidmət edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfəri çərçivəsində Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci, üçüncü, yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlini qoydu. Bir səfər çərçivəsində atılan addımların miqyası ümumilikdə son üç ildə işğaldan azad edilmiş torpalarımızda görülən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır.”   

Malik Həsənov belə bir ümumiləşdirməni aparıb ki, istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Torpaqlarımızı geri qaytardıq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, sözünə sahib, qalib ölkənin vətəndaşı olduğu üçün qürur duyur.