YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yenidən qururuq

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycanın ən böyük yaşayış məskənlərindən biri olan Füzuli şəhəri və rayonunun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Ermənistanın işğalçı ordusu ilə mərdliklə vuruşan füzulilər 63 nəfər şəhid vermiş, 400 nəfər əlil olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. 1386 kvadrat kilometr ərazisi, 144 min əhalisi olan Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin əsası 1827-ci ildə qoyulmuş və Qarabulaq adlandırılmışdır. 1930-cu ildə rayon təşkil olunmuş və Qaryağin, 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli adlandırılmışdır.

Işğala qədər Füzuli rayonu ərazisində qədim tarixi mədəni abidələr, türbələr mövcud olmuşdur.  XIII - XIV əsrlərdə bu yurdun yerli sakinləri olan azərbaycanlılar tərəfindən tikilən qədim abidələr erməni vəhşiləri tərəfindən dağıdılıb, yerlə yeksan edilmişdir.

5 yanvar 1994-cü ildə Prezident və Ali Baş Komandan olmuş ulu öndər Heydər Əliyevin əmrinə əsasən Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə əks hücum əməliyyatına başladı.  Vətən müharibəsinin elə ilk günü qəhrəman əsgər və zabitlərimiz bir neçə kəndimizi işğaldan azad etdi. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələri Füzuli şəhəri də daxil olmaqla rayonun 62 kəndini işğaldan tam azad etdı.  Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti demək olar ki, tamamilə dağıdıldı. Füzuli uğrunda aparılan döyüşlər Vətən Müharibəsində ən ağır, çətin döyüşlərdən idi.  30 il Ermənistan ordusu burada 5- 6 xətdən ibarət güclü istehkam qurmuşdular. Hərbi ekspertlər bu müdafiə xəttlərini yarmaq üçün istənilən orduya bir neçə ay lazım ola biləcəyini vurğulayırdılar. Azərbaycanın igid oğulları bütün dünyanı heyrətə sala biləcək böyük qəhrəmanlıq nümayiş etdirərək qısa müddətdə bu müdafiə xətlərini tamamilə dağıtdılar.

2020-ci ilin noyabrınn 26-da "Füzulinin azad olunmasına görə"' medalı təsis edildi. Azərbaycan Ordusunun 25301 hərbi qulluqçusu Prezident İlham Əliyevin sərəncamları ilə bu medalla təltif edilmişdir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözü gedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub.

Təsdiqlənmiş Baş Plana uyğun olaraq Füzuli rayonu yenidən qurulur. Vətən Müharibəsi başa çatdıqdan sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə Füzuli rayonuna səfər etmişdir. 16 oktyabr tarixində növbəti dəfə Füzuli rayonuna səfər edən Prezident İlham Əliyev Füzuli şəhərində üç yaşayış kompleksinin, şəhərin inzibati binasının və bir çox sosial obyektlərin təməlini qoydu. Artıq Füzuli rayonunun bir qrup sakininin öz doğma evlərinə qayıtmaları təmin olunub. Onlar hər cür şəraiti olan gözəl evlərlə təmin olunublar.