YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə...

“Oktyabrın 15-i tariximizin qürur səhifələrini daha da zənginləşdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımıza növbəti zəfərin sevincini yaşatdı. Dövlətimizin başçısı Xankəndidən Azərbaycan xalqına müraciətində bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda Azərbaycan Bayrağını işğal altında olan bütün ərazilərdə, torpaqlarda,  şəhər və kəndlərdə qaldırılmasını qarşıya bir nömrəli vəzifə qoymuşdu. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru gedirdik.

Hər bir hədəf özündə mühüm məqamları ehtiva edir. Belə ki, ölkəmiz bu illər ərzində Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf etdi, iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi, münaqişənin həlli üçün hüquqi baza yaradıldı, üzərinə düşən missiyanı şərəflə yerinə yetirməyə qadir Ordumuz formalaşdı. Azərbaycan gənclərində vətənpərvərlik hissi daha da artırıldı. Rəşadətli  Ordumuz üç il bundan öncə 44 günlük İkinci Qarabağ müharibəsində, postmünaqişə dövründə Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların qarşısını almaq üçün həyata keçirdiyi əks-hücum əməliyyatlarında, eyni zamanda, bu ilin sentyabr ayının 19-da cəmi 23 saat davam edən antiterror tədbirlərində  gücünü  göstərdi. Sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənən əzəli torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə belə bir mesajdır ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır. Xalqımız burada əbədi olacaq.”

Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, Ordumuzla  fəxr edirik: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə,  dövlətimizlə  haqlı olaraq fəxr edir. Bu mühüm məqam da xüsusi qeyd edilmişdir ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, övladıdır. Elə bir gənc nəsil yetişdirildi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.  Azərbaycan xalqı şəhidlərimizə əbədi borcludur.”

Nurlan Həsənov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev sözügedən müraciətində Azərbaycanın 30 illik işğal dövründə sülh danışıqlarına sadiqliyindən geniş danışdı. Baxmayaraq ki, Ermənistan danışıqlara imitasiya naminə qatılırdı, amma Azərbaycan məsələnin sülh yolu ilə həllinə çalışırdı: “Ermənistanın işğalçı siyasətini  təhlil edərək bu gün  tam əminliklə  deyə bilərik ki,  bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Məsələnin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistana məsələni dondurmaqda yardımçı funksiyasını yerinə yetirdilər. Onlar münaqişəni dondurmaq, əbədi etmək istəyirdilər. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan Ermənistan silahlı qüvvələri Aərbaycan Ordusunun belə əks-hücum əməliyyatı ilə üzləşib, 44 gündə tarixdə heç vaxt unuda bilməyəcəkləri dərsi alacaqlarını düşünmürdülər. Vətən müharibəsi cəmi 44 gün çəkdi. Müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad etdikdən sonra  artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Tarixi Zəfərimizdən 3 il sonra-bu ilin oktyabr ayının 15-də tariximizə növbəti zəfər səhifəsinin yazılması, Xankəndidə, Xocalıda Azərbaycan Bayrağının ucaldılması Müzəffər Ali Baş Komandanın hər zaman bəyan etdiyi kimi, nəyi, necə, nə vaxt etməyi bildiyinin təsdiqidir.”

Millət vəkili qürurla qeyd edib ki, Azərbaycan dastan yazmaqda davam edir. Hər bir zəfər yeni-yeni hədəfə doğru atılan mühüm addımdır. Tarixi ədalətə söykənən Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanır. Zəngəzur dəhlizinin açılması əsas hədəflərdəndir. Bu dəhliz sülh, barışıq yolu olacaq.

Nurlan Həsənov  17 oktyabr Füzuli Şəhəri Günündən də bəhs edib: “Son 3 ilin qürur doğuran hadisələrindən biri torpaqlarımızın işğaldan azad edildikləri tarixlərin qeyd olunmasıdır. Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq zəfərimizin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması üçün işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Bu, Azərbaycanın 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən sənəddir. Hazırda bu torpaqlarımız dirçəlir, cənnət məkana çevrilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza zəfər sevincini yaşadan bu səfəri çərçivəsində atılan addımlara diqqət yetirmək kifayətdir. Füzuli rayonunda təməli qoyulan sosial obyektlərin say tərkibi gələcək barədə aydın təsəvvür yaradır. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycan xalqı qurucu xalq olmaqla yanaşı, tarixi torpaqlarına qovuşduğu üçün xoşbəxt və çal-çağırlıdır. Bu xoşbətliyi bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Ordumuzdur.”

Millət vəkili Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağını ucaltmasının xarici mətbuatda geniş təhlilindən də danışıb. Bu tarixi hadisə Azərbaycanın sözünə sahibi olmasının nümayişidir. Artıq “Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” çağırışını bu reallıq əvəzləyir- Azərbaycan bayrağı bu məkanlarda dalğalanır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu çağırışını Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırır: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.”