YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin gücünün göstəricisi

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

I Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən 23 avqust 1993-cü il tarixində Füzuli rayonunun əksər hissəsi işğal edilib. Bu işğal nəticəsində yüzlərlə soydaşımız şəhidlik zirvəsinə ucalıb, əsir və itkin düşüblər. İşğaldan əvvəl çoxsaylı yaşayış məntəqəsinə sahib olan Füzuli rayonu, I Qarabağ müharibəsindən sonra tanınmaz hala düşüb. Ermənistanın törətdiyi vəhşilik izləri özünü rayonun hər yerində açıq büruzə verir.

İşğaldan əvvəl öz tarixi ilə, tarixi-dini abidələri ilə, türbələri ilə zəngin olan Füzuli rayonu erməni vandalizminin nəticəsində yerlə yeksan edilmişdir. Lakin, işğaldan sonra qısa müddət ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 22 yaşayış məntəqəsi işğaldan azad edilərək bərpa edilmişdir. Həmin vaxt üçün ölkəmizin sahib olduğu ordu ilə bu məntəqələrin işğaldan azad edilməsini möhtəşəm bir qələbə hesab etmək olardı.

II Qarabağ müharibəsinin ilk günündən etibarən Azərbaycan Ordusu Füzulinin bir sıra yaşayış məntəqələrini işğaldan azad etdi. Şəhidlərimizin öz qanları ilə yazdığı tarixi zəfərin ilk addımları oradan başladı. Füzuli şəhəri isə Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun gücü sayəsində 17 oktyabr 2020-ci ildə erməni işğalçılarından təmizləndi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən mühüm döyüşlərdən biri olmuşdur.

İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. 17 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Füzuli şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Füzuli uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.

Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən Füzulilər, böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, bir daha qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi.

Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi. Bəlkə də bir çoxları Füzuli rayonu uğrunda gedən döyüşlərin aylarla çəkəcəyini düşünürdü. Amma Azərbaycan Ordusu bunu 20 gün ərzində bacardı, şanlı üçrəngli bayrağımızı Füzuli şəhərində ucaltdı. Füzuli uğrundan gedən döyüşlər zamanı düşmənin çoxsaylı əsgəri öz döyüş bayraqlarını, silahlarını cəbhədə buraxaraq qaçdılar. Onlar Azərbaycan Ordusunun qüdrətindən xəbərdar idilər.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.

İndi Böyük Qayıdışın nəticəsi olaraq Füzuli rayonu sürətlə dirçəlir. Artıq Füzulidə nəqliyyat yolları, hava limanı, digər infrastrukturlar inşa edilib və bu proses uğurla davam etməkdədir. Artıq Füzuli şəhərinə insanların köçürülməsi başlanılıb. Onların öz doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin gücünün göstəricisidir. Dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi istiqamətində bundan sonra da mühüm tədbirlər görməkdə davam edir.