YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Liderlik mövqeyi

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu dövlət kimi tanınır. 

2003-cü il oktyabrın 15-dən etibarən Prezident İlham Əliyevin Azərbaycanın regional və qlobal müstəvidə mövqelərinin möhkəmləndirilməsi, tərəfdaş və müttəfiqlərinin sayının artırılması, ölkəmizin beynəlxalq münasibətlər sistemində ciddi təsir imkanlarına malik olması istiqamətində həyata keçirdiyi və yalnız milli maraqlara söykənən xarici siyasət kursu azərbaycanlılar üçün qürur mənbəyidir.

Bu dövrdə Azərbaycan nəinki beynəlxalq əlaqələrini daha da genişləndirdi, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Prezident İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, çoxşaxəli və qətiyyətli olduğunu təsdiq edir. Bu səfərlər həm də ondan xəbər verdi ki, Vətən müharibəsində qazanılan Zəfər ötən il Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsində böyük rol oynayıb.

Prezident İlham Əliyevin xarici siyasətdə yaratdığı özünəməxsus və təkrarsız nümunənin bütün komponentləri, əslində vahid bir strategiyanın tərkib hissəsidir. Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində atılan addımlar, sadəcə ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə xidmət etməyib. Bütün bu layihələr ölkəmizin regional və qlobal miqyasda nüfuzunun artırılmasına və real təsir imkanlarına malik “yumşaq güc” amilinin formalaşdırılmasına xidmət edib. Bununla paralel olaraq, Azərbaycan Avropa İttifaqına üzv olan ayrı-ayrı ölkələrlə də strateji tərəfdaşlıq haqqında müvafiq razılaşmalar imzalamaqla, öz mövqelərinin möhkəmləndirilməsinə nail olub.

Ölkəmiz regionda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan bölgənin yeganə ölkəsidir ki, düşünülmüş nümunəvi daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi potensialını artırır, həm də regional təhlükəsizliyin təmini istiqamətində ardıcıl, sistemli və mətin addımlar atır. Prezident İlham Əliyevin irəli sürdüyü əməkdaşlıq platformaları regionda uzunmüddətli sabitliyin əsas qarantı hesab olunur. Belə ki, Azərbaycanın həyata keçirdiyi transmilli enerji və nəqliyyat layihələri, regional inteqrasiya istiqamətində əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Xarici siyasətində demokratik dəyərlərə xüsusi önəm verən Azərbaycan müxtəlif ölkələrlə ikitərəfli, çoxtərəfli əməkdaşlıq əlaqələri qurmaqla, beynəlxalq təşkilatlarla səmərəli münasibətlər formalaşdırmaqla dünyada etibarlı tərəfdaş imicini qazanıb. Bu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət konsepsiyasının 2003-cü ildən sonrakı dövrdə də uğurla davam etdirilməsi sayəsində mümkün olub. Artıq beynəlxalq arenada, ən nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın təşəbbüslərinə xüsusi diqqət göstərilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib, iqtisadi inkişaf sürətinə görə dünyada liderlik mövqeyinə yüksəlib. Bu səbəbdəndir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, ona alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.