YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi

Oktyabrın 15-də xalqımız növbəti tarixi günü yaşadı. Azərbaycanın müstəqilliyinin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi olan “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyi Zəfər ovqatında qeyd edildi. Belə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əlamətdar günü işğalçılardan təmizlənmiş əzəli torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənd şəhərlərində Azərbaycanın üçrəngli Bayrağını ucaltmaqla qeyd etməsi tariximizin qürurverici səhifələrini daha da zənginləşdirdi. Bu günün xoşbəxtliyini dövlətimizin başçısı belə ifadə etdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində göstərdiyi qətiyyət bu gün həmin ərazilərdə Azərbaycan Bayrağının ucaldılmasında özünün aydın ifadəsini tapır. Bundan böyük xoşbəxtlik ola bilərmi? Hər gün, hər saat Azərbaycanı bu tarixi günlərə yaxınlaşdırdı. Azərbaycan gücləndi, dünya birliyinin fəal üzvünə çevrildi. Regionda mövqelərini möhkəmləndirən Azərbaycan dünya siyasətində söz sahibliyini qorudu. Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, yalnız iqtisadiyyatı güclü olan dövlət müstəqil siyasət həyata keçirə bilər. Azərbaycanın güclü iqtisadiyyatı bütün sahələrdə təkmil islahatların həyata keçirilməsinə yol açdı. Azərbaycan elə bir güclü ordu yaratdı ki, həmin rəşadətli ordu bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Azərbaycan Silahlı Qüvvələri bunu 44 günlük İkinci Qarabağ müharibəsində sübut etdi. Bu gün qürurla bəhs etdiyimiz hər bir Zəfər Azərbaycanın bütün sahələrdə uğurlarının təqdimatıdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

O vurğulayıb ki, bu uğurlardan söhbət açarkən təkcə 2023-cü ilin ötən dövründə Azərbaycanın ərazi bütövluyünün, suverenliyinin tam təmin edilməsi istiqamətində atılan qətiyyətli və mətin addımlara diqqət yetirmək kifayətdir. Bu ilin aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünün, sentyabrın 19-da isə lokal antiterror tədbirləri nəticəsində qarşı tərəfin ağ bayraq qaldırması, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tarixin zibilliyinə atılması bütün ərazilərimizdə suverenliyimizin tam təmin edilməsi kimi tariximizə yazıldı. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli Bayrağımızın dalğalanması hər bir azərbaycanlıda Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlıq hissini daha da artırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bugünkü reallıqlarımız bir daha Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm” çağırışının əməli işdə öz təsdiqini tapmasıdır. Üç il bundan öncə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdik. Həmin vaxt müharibə dayandırılsa da Azərbaycan xalqı çox yaxşı bilirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Ermənistan silahlı birləşmələri digər ərazilərimizdən də çıxarılacaq, o torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılacaq. Elə də oldu. Çox qısa müddətdən - üç ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza Xankəndidən müraciət etdi. Bu, böyük xoşbəxtlik və bənzəri olmayan tarixi hadisədir. Xalqımıza bu şərəfli tarixi yaşadan və yaradan, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev, onun rəhbərlik etdiyi Azərbaycan Ordusudur.

Vüqar Rəhimzadə bildirib ki, tariximizin Zəfər səhifələrinin məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşməsi dövlət başçısı İlham Əliyevin ata vəsiyyətini, Onun qarşısında verdiyi vədləri bütünlüklə yerinə yetirməsini təsdiqləyir. Ümummilli Liderin 100 illiyi Şuşada qeyd olundu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, o zaman da tədbirin hansı səviyyədə təşkili, qonaqların dəvəti ilə bağlı çoxsaylı suallar yaranmışdı. Amma təntənəli iclas keçirilmədi. Özlüyündə yaranan “Nə üçün” sualına dövlət başçısı İlham Əliyevin cavabı belə oldu ki, Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir.

Bəli, Azərbaycan xalqı Ali Baş Komandanı cənab İlham Əliyev olan rəşadətli Azərbaycan Ordusu Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramını əməli ilə ölçdü. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda, xüsusilə Xankəndi şəhərinin mərkəzi meydanında üçrəngli Bayrağımızın dalğalanması gələcəyimizə çağırış, Ermənistana dərs olmalıdır. O meydanda xalqımızı təhdid edən separatçılar isə əli qandallı şəkildə arzuladıqları Bakıya gətirildi. Cənab İlham Əliyevin Xankəndidən Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, hazırda özlərini “prezident” adlandıran 3 təlxək öz layiqli cəzasını gözləyir. Azərbaycan qarşısına hansı hədəfi qoyursa dövlətimizin qətiyyəti sayəsində beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək ona nail olur. Müzəffər Ali Baş Komandan nəyi dedi, onu da etdi. Dövlətimizin başçısı Xankəndidən bu mesajı ünvanladı: “Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.