YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizə artan inamın göstəricisi

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Müstəqil Azərbaycan dövləti mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. 2-6 oktyabr tarixlərində Bakı şəhərində dünyanın 100-dən çox ölkəsindən təxminən 5 min təmsilçinin  74-cü Beynəlxalq Astronavtika Konqresinin  keçirilməsi bunun bariz nümunəsidir. Konqresin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi beynəlxalq səviyyədə ölkəmizə artan inamın göstəricisidir.

Ümumiyyətlə, bu gün dövlətimiz böyük sıçrayışla inkişaf edir, möhtəşəm nailiyyətlərə imza atır. Azərbaycan ötən illər ərzində beynəlxalq birliyin fəal üzvünə çevrilib. Dövlətimizin siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub. Məhz bu səbəbdəndir ki, dünyada Azərbaycanın dostları artır və ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir. Bütün bunların nəticəsidir ki,  Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Bu mənada, Azərbaycan dünyada kosmik ailənin də fəal üzvünə çevrilib. Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında respublikamızın kosmik sahənin inkişafı ilə bağlı hədəflərini bir daha diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.

Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq tədbirdə Azərbaycanın həyata keçirdiyi siyasətin uğurları haqqında fikirlərini bölüşüb, xoşmərama əsaslanan təşəbbüslərin inkişafa, əməkdaşlığa və sülhə xidmət etdiyini bəyan edib. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. 30 ildən artıq müstəqillik dövründə biz həyat tərzimizin bu faktorunu gücləndirmişik. Biz bunu Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. Biz həqiqətən də bir ailə kimi yaşayırıq və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edib və bu, onların qərarlarında öz əksini tapıb. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Bundan əlavə, ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.  

Digər mühüm məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev Konqresin açılış mərasimindəki  çıxışında Ermənistanın 30 illik işğal siyasətinin nəticələri, Azərbaycanın öz gücünə beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etməsi, işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri barədə məlumat  verib. Bütün bunların mötəbər beynəlxalq tədbirdə səsləndirilməsi dünya birliyinin Azərbaycan həqiqətləri barədə məlumatlandırılması baxımından çox önəmlidir.

Məlumdur ki, Azərbaycan MDB məkanında kosmosa peyklər buraxan azsaylı ölkələr sırasında yer alır. Birinci süni peykimiz olan “Azerspace-1” 2013-cü il fevral ayının 8-də Cənubi Amerikada yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılıb. Əhatə dairəsi  Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz olan peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədi daşıyır. Azərbaycanın 2014-cü il iyunun 30-da orbitə göndərdiyi ikinci peyk isə “Azersky” adlı müşahidə peykidir. “Azersky” əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir. Sayca üçüncü peykimiz olan  “Azerspace-2” isə 2018-ci il sentyabrın 26-da  yenə də Kuru kosmodromundan orbitə buraxılıb. Peykin əhatə dairəsi  Avropa, Yaxın Şərq, Tropik Afrika, Mərkəzi və Cənubi Asiyadır. Əlamətdar haldır ki, hazırda Azərbaycan həm də innovativ məhsulların, o cümlədən də kosmik xidmətlərin ixracını həyata keçirir. Qürurverici haldır ki, hazırda “Azərkosmos”un ixrac portfelində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təmsil olunurlar.

Beləliklə, 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi çox əlamətdar hadisələrdən biridir.