YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasirləşdirilmə gələcəklə bağlı baxışımızı, gündəliyimizi səciyyələndirir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycan zamanın tələblərinə uyğun olaraq bütün sahələrdə yeniləşməyə, təkmilləşməyə xüsusi önəm verir, yeni-yeni çağırışların yüksək səviyyədə cavablandırılmasını əsas hədəf kimi qarşıya qoyur. Oktyabrın 2-də başlayaraq beş gün davam edən, 100-dən artıq ölkədən beş mindən çox iştirakçını bir araya gətirən 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın müasir texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verdiyini və uğurlu nəticələri ilə dünyanın diqqətində olduğunu bir daha təsdiqlədi. Konqresdəki çıxışında “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər” söyləyən dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə sözü  gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.

Bu mötəbər tədbirə ev sahibliyi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna, artan nüfuzuna işıq salır. Ölkə Prezidentinin də vurğuladığı kimi, müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkələrin qarşısında dayanan vəzifələri qeyd edərkən beynəlxalq aləmdə özünü təsdiqləməsini, varlığı barədə zəngin təsəvvür yaratmasını xüsusi diqqətə çatdırırdı. Azərbaycan 1993-cü ildən, Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin uğurlu inkişafına, həqiqətlərimizin əsaslı şəkildə təbliğinə nail oldu. Bu kimi tədbirlər Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasında mühüm platformadır.

Onu da qeyd edək ki, Azərbaycan ilk dəfə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, 1973-cü ildə 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib.  50 il sonra yenidən ev sahibliyi böyük rəmzi məna daşıyır. Bu dəfə Azərbaycan Konqresə müstəqil dövlət kimi ev sahibliyi edir. Son 20 ilə yaxın dövrdə Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin  gələcəyə hesablanan, təkmil siyasətinin  müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində Azərbaycana qazandırdığı uğurlar davamlılığı ilə diqqətdədir. 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilməsi, həmin ildə Azərbaycanın ilk milli “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması bugünkü reallıqların əsası oldu. 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi peyki istifadəyə verildi. 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarıldı.

Həyata keçirilən bütün bu kimi tədbirlər Azərbaycanın informasiya təhlükəsizliyini şərtləndirdi, respubli­kamızda, bölgədə, dünyanın istənilən nöqtəsində baş verən hadisələri iz­ləməyə şərait yaratdı, iqtisadi tərəqqini sürətləndirdi, telekommunikasiya sektorunda xarici asılılığı aradan qaldırdı. 

Onu da qeyd edək ki, Bakının ev sahibliyi ilə baş tutan 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar, yüksək ayırdetməli elektrooptik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. “IAI” peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq. Azərbaycanda istehsal olunacaq  iki peyk  2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq.

Göründüyü kimi, Azərbaycan müasir texnologiyaların inkişafı və tətbiqi sahəsində davamlı uğurları ilə diqqətdədir. Dünyanın texnoloji gündəliyinin ölkəmizdə müzakirə edilməsi, gələcəklə bağlı prioritetlərin müəyyənləşdirilməsi böyük şərəfdir. Dövlət başçısı İlham Əliyev Konqresdəki çıxışında “Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır” fikirləri ilə Azərbaycanın keçdiyi uğurlu yolun aydın mənzərəsini təqdim etdi.