YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hər zaman sülh tərəfdarı olub

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan hazırda daha bir qlobal tədbirə – 74-cü Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi edir. Ölkəmizdə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı İlham Əliyev bir çox məqamlardan bəhs etmişdir. Prezident İlham Əliyev Azərbaycanın uzun illər münaqişənin dinc yolla son qoymağa çalışdığını xüsusilə qeyd etdi. Prezident İlham Əliyev: “Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.”

Azərbaycan hər zaman sülh tərəfdarı olub. Biz bunun İkinci Qarabağ müharibəsi zamanı da şahidi olduq. Baxmayaraq ki, buna qədər də ölkəmiz uzun illər münaqişənin məhz sülh yolu ilə həllinə çalışmışdır, lakin Ermənistan bizi müharibəyə məcbur etdi. 30 ilə yaxın səbir nümayiş etdirən Azərbaycan sonda sülh çağırışının Ermənistan üçün keçərli olmadığını görüb, torpaqlarını hərbi yolla azad etdi. Dəfələrlə ölkə başçımız qeyd edirdi ki, biz Ermənistan ordusu ilə müharibə aparırıq, dinc əhali ilə yox. Əlbəttə ki, müharibələr döyüş meydanında, səngərlərdə olmalıdır. Azərbaycan 44 günlük Vətən savaşında bütün müharibə qanunlarına əməl etdi. Qarşı tərəf - Ermənistan isə nəinki səngərdə döyüşdü, əksinə, müharibə zonasından uzaqda yerləşən rayon və kəndlərimizi belə müxtəlif çaplı silahlardan atəşə tutdu. Xeyli sayda mülki əhalinin, dinc sakinin ölümünə səbəb oldu. Bütün baş verənlərə rəğmən Azərbaycan dəfələrlə tərəflər arasında sülh təklifi ilə çıxış etdi. Müharibədən sonra Azərbaycan qalib ölkə olmasına baxmayaraq Ermənistana yenə şans verir, sülhə, əmin-amanlığa, inkişafa çağırır, öz qonşuları ilə əməkdaşlıq etmək istəyir.

Azərbaycan sülh tərəfdarıdır, hətta Ermənistanla da hərtərəfli əlaqələrin qurulmasına, bütövlükdə regionun iqtisadi inkişafına tərəfdardır. Bu gün beynəlxalq konfransda Azərbaycan öz məramını ortaya qoydu, görəcəyi möhtəşəm planları açıqladı. Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır. Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir.