YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz üçün önəmli addım

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq tədbirlərin işğaldan azad edilmiş ərazilərimizdə keçirilməsi ölkəmiz üçün çox önəmli addımdır. Xarici qonaqlar işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər nəticəsində şəhər və kəndlərimizin viran qoyulmasının, eləcə də müharibədən sonra Azərbaycan dövlətinin qısa müddətdə bu əraziləri müasir formada yenidən qurmasının şahidi olurlar. Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizlik lə mübarizə aparan qüvvəsi kimi” mövzusunda ikinci Milli Şəhərsalma Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev müharibədən sonra Azərbaycan dövlətinin işğaldan azad edilmiş şəhər və kəndlərimizdə həyata keçirdiyi yenidənqurma prosesindən, buraya köçürülən keçmiş məcburi köçkünlərin rahat yaşamaları və fəaliyyət göstərmələri üçün yaradılan şəraitdən, eləcə də işğal dövründə və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistan rəhbərliyinin sərgilədiyi qeyri konstruktiv mövqe haqqında iştirakçılara məlumat verdi. Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur və inkişaf etdirir. 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi Forumun Zəngilanda keçirilməsi təsadüfi seçilməmişdir. Zəngilan işğaldan azad edilmiş ilk rayonumuzdur. Rayonun Ağalı "ağıllı kənd"inin sakinləri artıq öz doğma evlərində yaşayırlar. Zəngilan şəhəri və kəndlərində bu gün də böyük quruculuq işləri sürətlə davam etdirilir. Zəngilan şəhərinin Baş Planı Prezident İlham Əliyev tərəfindən təsdiqlənmişdir və 2025-ci ilə qədər şəhər sakinlərinin öz evlərinə dönməsi reallaşacaq. Zəngilan coğrafi cəhətdən də çox əhəmiyyətli bir ərazidə və nəqliyyat dəhlizi üzərində yerləşir. Ölkə başçımızın təşəbbüsü ilə tikilən Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin inkişafına da böyük töhfə verəcək. Zəngilanın gözəl təbiəti vardır ki, gələcəkdə bu ərazilərə böyük turizm axını gözlənilir. Şəhər infrastrukturu ilə yanaşı Zəngilanda kənd təsərrüfatına aid böyük layihələr də həyata keçirilir. Azərbaycan və Türkiyənin Zəngilanda birlikdə həyata keçirdiyi "Dost Aqropark" layihəsi gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru öz gücünə yenidən bərpa edir. Müharibə bitdikdən bu günə qədər büdcədən bərpa işlərinə 7 milyard ABŞ dolları həcmində vəsait ayrılmışdır. Gələn il də ən azı 2,5 milyard ABŞ dolları həcmində vəsait ayrılması nəzərdə tutulmuşdur. Bu bir daha Azərbaycanın iqtisadi cəhətdən güclü bir dövlət olmasının nümunəsidir. Prezident İlham Əliyev çıxışında 30 il Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığını və sonda Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun hərbi və siyasi yolla öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi barədə də ətraflı məlumat verdi. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə yanaşı beynəlxalq hüququ da bərpa etdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdidlər törədirdi. Ermənistan rəhbərliyi Laçın yolu vasitəsilə Qarabağa silahlı dəstələr göndərir, buradakı separatçı qüvvələri silah və sursatla təmin edirdi. 2023- cü ildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Lakin Ermənistana və Qarabağdakı separatçılara məxsus silahlı dəstələr mülki şəxslərimizə və hərbiçilərimizə qarşı terror aktı törətməyə başladılar. Bu səbəbdən Azərbaycan Ordusu sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata кеçirdi. 24 saat ərzində Ermənistanın və separatçıların hərbi texnikaları məhv edildi və separatçılar təslim oldular. Sentyabrın 20-də Azərbaycan Qarabağda öz suverenliyini tam bərpa etdi. Qərbdəki bəzi ölkələr, xüsusən Fransa Qarabağda yaşayan ermənilərin təhlükəsizliklərinin guya qorunmaması barədə Azərbaycana qarşı yalan və iftira dolu böhtanlar atmağa başladılar. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Qarabağda yaşayan erməniəsilli sakinlər Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi Azərbaycan qanunları ilə qorunacaq və rahat firavan yaşamaları üçün hər cür şərait yaradılacaq. Bu gün Qarabağdakı erməni sakinlərə ərzaq, qeyri-ərzaq və yanacaqdan ibarət humanitar yardımlar göndərilir. Qarabağdakı erməni sakinlərinin tibbi müayinədən keçmələri, sağlamlıqları üçün həkim briqadaları da bu əraziyə göndərilib. Azərbaycan dövləti tərəfindən Qarabağdakı ermənilərin öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamağı təmin ediləcək. Bu gün dünya ictimaiyyəti bir daha şahid oldu ki, azərbaycanlılar yüksək mədəniyyətə sahib, humanist və sülhsevər xalqdır.