YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnnovasiyalar ölkəsi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Ölkəmizin ev sahibliyi etdiyi, həmçinin qatıldığı tədbirlərin hər biri həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. Azərbaycanın ev sahibliyi ilə 100-dən artıq ölkədən beş mindən çox iştirakçını bir araya gətirən 74-cü Beynəlxalq Astronavtika Konqresi bu baxımdan diqqətçəkən oldu.

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu son illər elm, texnologiya, o cümlədən kosmik sənayenin inkişafı istiqamətində görülən işlər əsasında diqqətə çatdıran dövlət başçısı İlham Əliyev, eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafi məkana görə dövlətlər, xalqlar arasında körpü roluna da diqqəti yönəltdi. Ölkə Prezidenti “Hesab edirəm ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk. Bu mühüm beynəlxalq tədbirin keçirilməsinin bizə həvalə olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstərici hesab edirik” fikirləri ilə Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycanın körpü roluna etdiyi yeniləkləri də  açıqladı. Bildirdi ki, əlbəttə, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə həyat tərzimizin bu faktorunu gücləndirmişik. Bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik: “Biz həqiqətən də bir ailə kimi yaşayırıq və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edib və bu, onların qərarlarında öz əksini tapıb. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Yeri gəlmişkən, ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.”

Azərbaycan daim yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanır. Ölkəmizin hədəflərə doğru birgə addımların atılmasına, səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə xüsusi diqqət göstərməsi beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycanın Konqresə ev sahibliyində də bu amilin rolu böyükdür. 100-dən artıq ölkədən beş mindən çox iştirakçı həm tədbirin əhəmiyyətini, həm də Azərbaycanın nüfuzunu açıqlayır.

Azərbaycanı orbitdə təmsil edən, Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələrini əhatə edən “Azerspase-1”, informasiya müstəqilliyini və təhlükəsizliyini təmin edən telekommunikasiya peyki, “Azersky” müşahidə peyki, “Azerspase-2” kosmik sənayemizi inkişaf etdirməklə yanaşı, kommersiya xarakterli, ölkəmizə sərmayə qazandıran önəmli layihələrdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, bu gün dünyanın inkişafı müasir texnologiyaların inkişafından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. Azərbaycan iqtisadi qüdrətinin güclənməsində informasiya texnologiyalarının inkişafına xüsusi diqqətlə yanaşır. Qitələrarası əməkdaşlığı möhkəmləndirən, coğrafiyası genişlənən, qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar kimi rolu artan Azərbaycanın informasiya-texnologiyaları sahəsində də liderliyini qoruması XXI əsrin çağırışlarına cavabdır. Ölkəmiz hər bir yeniliyin tətbiqinə maraq göstərir. Bu gün dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, DOST layihələrinin sırasına işğaldan azad edilmiş ərazilərimizin brpasında tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası da daxil edilir. Azərbaycan beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınır.

Ölkə Prezidenti daim bu çağırışı edir ki, ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın müasir texnologiyaların tətbiqi şəraitində həyata keçirdiyi müharibə taktikasının təqdimatında əhəmiyyətli rol oynadı.

Əminliklə deyə bilərik ki, Azərbaycanın yenilikçi olması dövrün tələblərinə uyğun olaraq yeni-yeni hədəflərə doğru inamla addımlamasında stimulverici amildir. Ölkəmizin ev sahibliyi etdiyi bütün tədbirlərin təşkilində nümayiş etdirdiyi təcrübə  dünyanın diqqətində olur. 74-cü Beynəlxalq Astronavtika Konqresində aparılan müzakirələr əsasında gələcəklə bağlı müəyyənləşdirilən prioritetlər ölkəmizin qarşısında geniş imkanlar açaraq kosmik sahədə innovasiyaya, tədqiqatlara və inkişafa töhfə verəcək.