YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi bir daha bu reallığı təsdiqlədi ki, siyasi, iqtisadi və sosial sabitlik inkişafın əsas meyarıdır. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında bu amilin əhəmiyyətli rolunu ölkəmizin qazandığı sosial-iqtisadi göstəricilər əsasında diqqətə çatdırdı. Belə ki, son 20 ildə ümumi daxili məhsul dörd dəfə, büdcə gəlirlərimiz 30 dəfədən, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Birbaşa xarici borcun həcmi azalıb və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər, plana uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Cənab İlham Əliyev bu hədəfi də açıqladı: “Əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.”

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkənin iqtisadi tərəqqisindən və bunun fonunda maliyyə imkanlarından asılıdır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi, əldə edilən gəlirlərin təyinatı üzrə şəffaflıq kriteriyaları əsasında istifadəsi əhalinin sosial rifah halının daha da yaxşılaşdırımasını stimullaşdırır. Cənab İlham Əliyevin Konqresdə qeyd etdiyi kimi, müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub. Milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə Azərbaycan xalqı tərəfindən qeyd olunur. Bütün bunlar göstərir ki, ölkə çox dayanıqlı vəziyyətdədir. Çünki aydındır ki, əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.

Bu reallıq da inkaredilməzdir ki, Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. 50 ildən sonra Azərbaycanın ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi uğurlarımızın, həmçinin Azərbaycana inamın, etimadın təqdimatıdır. Dövlət başçısı belə bir inamı ifadə etdi ki, qonaqlarımızın söylədiklərimi öz gözləri ilə görmək, insanlarla tanış olmaq və Azərbaycanı daha yaxşı tanımaq imkanı olacaq: “Bəli, bizim qədim tariximiz var və o, videoçarxda göstərildi. Bizim qədim mədəniyyətimiz var. Lakin müstəqil ölkə kimi biz hələ çox gəncik, cəmi 32 yaşımız var.”

32 yaşı olan gənc ölkənin qazandığı uğurların miqyası o qədər genişdir ki, 100 ilə bərabər yol keçdiyi təsəvvürünü yaradır. Qeyd etdiyimiz kimi, Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi barədə qərar Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında 2019-cu ildə keçirilən seçkilərdə qəbul edilmişdir. Həmin seçkilərdə Bakı ilə bərabər, daha üç böyük şəhər - Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri namizədliyini irəli sürmüşdü. Bu çətin yarışda Azərbaycan qalib gəlməsi böyük uğur oldu. O da məlumdur ki, Sovet İttifaqında ilk Konqres Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda keçirilmişdir. Uzun illərdən sonra - 2023-cü ildə Azərbaycanın ikinci dəfə belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin gələcəyə hesablanmış addımlarının uğurlu nəticəsi kimi dəyərləndirildi. Azərbaycanda müasir texnologiyaların geniş şəkildə tətbiqi nəticəsində rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Beynəlxalq əhəmiyyətli tədbirlər hər bir ölkənin malik olduğu imkanlarla yanaşı, həqiqətlərinin təbliğində öz sözünü deyir. Belə ki, dövlət başçısı İlham Əliyev Konqresdəki çıxışında bir daha diqqəti 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək bildirdi ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu və Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq yaratdı: “Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.”

Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdədir. Ümumilikdə ölkəmiz hər bir sahədə qazandığı təcrübəni bölüşmək istəyini ortya qoyur. Yeni iqtisadi və sosial çağırışların, dünyanın xarici siyasətinin, həmçinin texnoloji gündəliyinin müzakirəsi üçün Azərbaycanın ideal məkan kimi qəbul olunması deyilənlərin təsdiqidir.