YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq hüququn bütün prinsiplərinə tam uyğundur

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanan torpaqlarımızı işğaldan azad etdi. 30 il ərzində erməni vəhşiləri şəhərlərimizi, kəndlərimizi viran qoymuşdular, insanlarımıza qarşı dəhşətli soyqırım törətmişdilər. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz tək həmin rayonların sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün doğma və əzizdir. Laçın rayonunun işğaldan azad edilməsinin xüsusi önəmi var. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistanı birləşdirən yol Laçın şəhərindən keçirdi. İstər işğal dövründə, istərsə də Vətən müharibəsindəki qələbəmizdən sonra Ermənistan bu yolla Qarabağdakı separatçıları silah-sursatla təmin edirdi.

Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Laçın şəhəri, Zabux və Sus kəndlərindən keçən, Qarabağı Ermənistanla birləşdirən yol yeni yolla əvəzləndi. Bununla da Laçın rayonu tamamilə Azərbaycanın nəzarətinə keçdi. 2023-cü il aprelin 23- də Laçın rayonu ərazisində, Həkəri çayı üzərində "Laçın" nəzarət buraxılış məntəqəsinin təsis edilməsi Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpasının təntənəsi oldu. "Laçın" nəzarət buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycanın təbii sərvətlərinin talanmasına və Ermənistanın Qarabağdakı separatçılara silah-sursat daşınmasının qarşısını aldı. Azərbaycanın Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsini yaratması beynəlxalq hüququn bütün prinsiplərinə tam uyğundur. Dünyada bütün dövlətlər qonşu ölkələrlə sərhəddə nəzarət buraxılış məntəqəsi yaradıb. Ermənistan rəhbərliyi Azərbaycanın bu legitim addımına qarşı təxribatçı hərəkətlərlə, bəyanatlarla mane olmağa cəhd edir. Təəssüf ki, bəzi Avropa dövlətləri, xüsusilə Fransa bu məsələdə Ermənistana havadarlıq edir. Ermənistan rəhbərliyi Azərbaycanın nəzarət buraxılış məntəqəsi yarandıqdan sonra güya Qarabağda yaşayan ermənilərin blokadada qalması, orada humanitar fəlakət yaranması ilə əlaqədar bütün beynəlxalq təşkilatlara müraciət ünvanlamışdılar. Halbuki "Laçın" nəzarət buraxılış məntəqəsi yarandıqdan sonra minlərlə erməni əsilli vətəndaşlar Ermənistana və əks istiqamətə yoxlandıqdan sonra sərbəst formada gedib gəliblər. Ermənistanın bu yalan və iftiralarla dolu iddiaları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilmişdir. BMT Təhlükəsizlik Şurasında da Ermənistanın "Laçın" nəzarət buraxılış məntəqəsilə bağlı iddiaları qəbul edilmədi və Ermənistan və havadarları acı məğlubiyyətə uğradı.

Prezident İlham Əliyev Azərbaycan xalqının maraqlarına xidmət edən, beynəlxalq hüquqa söykənən siyasət həyata keçirir. Bu siyasət bölgədə sülhün bərqərar olmasına, dövlətlərin, xalqların səmimi mehribanlıq şəraitində yaşamasına xidmət edir. Eyni zamanda Azərbaycan öz ərazi bütövlüyü və suverenliyilə bağlı heç bir güzəştə getməyəcək. Ermənistan və onun havadarları bilməlidirlər ki, Azərbaycana heç bir vasitə ilə təsir edə bilməzlər.

Prezident İlham Əliyev bütün çıxışlarında qeyd edib ki, Qarabağda yaşayan sadə ermənilər Azərbaycan vətəndaşıdır və onların hüquqları da Azərbaycan qanunları ilə müdafiə olunacaq. Azərbaycan qanunları ilə yaşamaq istəyən erməni əsilli vətəndaşlar Azərbaycan ərazisində xoş və təhlükəsiz həyat sürə bilərlər. Bu Azərbaycanın daxili işidir və heç bir ölkə, beynəlxalq təşkilat bu məsələyə müdaxilə edə bilməz.