YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaş töhfəsi

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana dövlət səfəri qardaş ölkələr arasında münasibətlərin tarixində yeni səhifə idi. Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində və çoxşaxəli əməkdaşlığın genişləndirilməsində bu səfərin böyük əhəmiyyəti oldu. Görüşlər zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələr aparılaraq bir sıra mühüm sənədlər imzalandı.

Ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın dərin tarixi kökləri vardır. Özbəklər hər zaman Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq göstərmişlər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəfəkkirlər hər zaman özbək ədəbi-mədəni mühitində öyrənilmiş və təbliğ olunmuşdur. Hələ orta əsrlərdən başlayaraq böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri özbək dilinə tərcümə edilmiş, özbək ədəbiyyatında Nizami ənənələri xüsusi rol oynamışdır.

Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış ədəbi-mədəni əlaqələr xüsusilə Ulu Öndər Heydər Əliyevin        sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilmişdi. Bu illərdə Azərbaycan və Özbəkistanda qarşılıqlı olaraq iki qardaş xalqın bir-birinə daha da yaxınlaşması üçün mühüm mədəniyyət tədbirləri keçirilmişdi. Həmçinin həmin dövrdə bir çox görkəmli mütəfəkkir, şair və yazıçılarımızın əsərləri qardaş Özbəkistanda özbək dilinə tərcümə edilərək çap olunmuşdu.

Ölkələrimiz müstəqillik qazandıqdan sonra bu tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirilmiş və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatmışdı. Müstəqillik illərində də iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Bu dövrdə siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlərlə paralel olaraq ədəbi-mədəni əməkdaşlıq da yüksələn xətlə inkişaf edib. Bəhs olunan dövrdə Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsi ucaldılıb. Görkəmli Azərbaycan və özbək klassiklərinin əsərləri qarşılıqlı şəkildə tərcümə olunub, kütləvi tirajlarla çap edilib. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. 

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.

Qardaş  Özbəkistan Azərbaycanın möhtəşəm qələbəsiylə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlarda, müxtəlif görüşlərdə dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Belə ki, 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. Sonra 960 şagirdlik məktəbin inşasının layihəsi ölkəmizə təqdim edilmiş və tikintisi həyata keçirilmişdir.

Bu gün Özbəkistan və Azərbaycan Prezidentlərinin işğaldan azad edilmiş ərazilərə səfərləri, Füzulidə açılışını etdikləri həmin yeni məktəb binası azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövlətinin böyük töhfəsidir. İnanırıq ki, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq, qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.