YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Humanitar böhran", yoxsa siyasi böhtan?

30 il ərzində ətalətdə olanların bəsit "ədalət" oyunu...

"Xankəndi ətrafında "blokada" şousu düzənləyənlər və onlara dəstək verənlər nə üçün Naxçıvanın onilliklər ərzində geopolitik mühasirədə olmağından narahat və narazı deyillər? Azərbaycanın öz legitim hüququndan istifadə edərək nəzarət-buraxılış məntəqəsi yaratmasını "humanitar böhran" amili kimi qələmə verənlər nə səbəbdən 30 il ərzində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində olmasını "humanitar fəlakət kimi" dəyərləndirmədilər? Üç on il ərzində ətalətdə olanların indi "ədalət" oyununa start vermələri nəyi ifadə edir?".

Bu fikirləri Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli deyib.

"Hayların "blokada" harayının, yaxud hay-küyünün BMT Təhlükəsizlik Şurasına çıxarılmasına dəstək verənlər niyə Ermanistanın Azərbaycana təzminat ödəməsi məsələsini eyni platformada qaldırmaq həvəsində deyillər? Məgər bixəbərdirlər ki, İraq Küveytin işğalına görə 50 milyard dollardan çox təzminatın ödənişini məhz BMT Təhlükəsizlik Şurasının müvafiq qərarları əsasında başa çatdırdı? Eyni təcrübə Ermənistana qarşı nə üçün tətbiq edilməsin? Axı beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin müvafiq strukturları, elə ölkəmiz əleyhinə məqsədli və qərəzli müzakirələr açan güc mərkəzləri Ermənistanın Azərbaycana məxsus sərvətləri talamasından, iqtisadi resursları qanunsuz mənimsəməsi və istismar etməsindən, kəndləri, şəhərləri, qəsəbələri dağıtmasından, maddi-mədəni irsə qarşı soyqırımı siyasəti həyata keçirməsindən xəbərdardır. Dünya təcrübəsi ilə yanaşı, beynəlxalq hüquq normalarının tələbləri də ortadadır. Elə BMT tərəfindən 2001-ci ildə qəbul edilmiş “Dövlətlərin beynəlxalq-hüquqazidd əməllərinə görə məsuliyyəti” adlı qətnamənin 31-ci maddəsində təsbit edilib ki, beynəlxalq səviyyədə qanunsuz əməl törətmiş dövlət dəymiş maddi və ya mənəvi zərəri tam kompensasiya etməlidir",- deyən şöbə müdiri əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı iclasında Ermənistanın və separatçıların "humanitar böhran" iddiası və "blokada" şousu iflasa uğradı, Azərbaycanın mövqeyinin haqlı, siyasətinin ədalətli olduğu bir daha öz təsdiqini tapdı.

Nurlan Qələndərli bildirib ki, əsassız iddiaları qətiyyətlə rədd edilən Ermənistan Təhlükəsizlik Şurasının iclasında diplomatik kapitulyasiyaya məruz qaldı. Şantaj kampaniyasının iflasa uğraması Ermənistan diplomatiyasının siyasi nokaut vəziyyətinə düşməsini şərtləndirdi: "Artıq həm Ermənistan, həm də separatizmə dəstək verən bəzi güc mərkəzləri bu reallıqdan nəticə çıxarmalıdırlar. İrəvanın hərbi-strateji və diplomatik üstünlüyə malik olan Bakının adekvat yanaşmasını - haqlı mövqeyini qəbul etməkdən başqa şansı - hər hansı bir alternativi yoxdur".