YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni müəssisələrin açılması ölkəmizin ixrac imkanlarını genişləndirir

İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri kimi diqqətdədir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoyan dövlət başçısı İlham Əliyev hədəfə çatmaq  üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramlarını təsdiqlədi. Regionlarla bərabər, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Dövlət Proqramının uğurlu icrası əldə olunan göstəricilərdə aydın ifadəsini tapıb.  Bu  inkişaf, eyni zamanda,  iqtisadiyyatın dayanıqlılığını təmin edir. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı  dünyanın diqqətindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, paytaxt Bakımız, həmçinin işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla  bütün bölgələrimiz inkişaf, tərəqqi dövrünü yaşayır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi qeyri-neft sektorunun inkişafına geniş imkanlar açır. Hazırda neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sahəsinə yatırılan investisiyaların da həcmi artır. Ölkəmizin ixrac imkanları genişlənir. Dövlət başçısı İlham Əliyev daxili tələbatımızın öz imkanlarımız hesabına ödənilməsini qarşıya mühüm vəzifə kimi qoyur.

Avqustun 15-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışı da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev istehsal prosesi ilə yaxından tanış oldu. Zavodda müxtəlif adlarda, geniş çeşiddə və müxtəlif həcmlərdə  həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Müəssisədə istehsal ediləcək məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.

Bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi əhəmiyyət verilir. Mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Yeni texnologiyaların tətbiqi iqtisadi inkişafın davamlılığının təmin olunmasında, Azərbaycanın yüksək sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyinin qorunmasında öz rolunu oynayır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında ön yerlərdə qərarlaşır. Bu, ölkəmizdə inklüziv inkişafın göstəricisidir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq  ölkədə ixrac məsələləri mütəşəkkil qaydada, kompleks şəkildə həll edilir. Bu sahədə yeni əlaqə vasitəsi olan “Azexport” portalının yaradılması ölkəmizdə  istehsal olunan məhsullar barədə ətraflı məlumatların  xarici investorlara  çatdırılması üçün  yeni metod kimi sərfəlidir.  Nəticə olaraq “Made in Azerbaijan” brendi  dünyada tanınır və şöhrət qazanır.

V.Rəhimzadə diqqəti ölkəmizdə həyata keçirilən  sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan ixtisaslaşmış sənaye parkları və sənaye məhəllələrinə yönəldib. Bildirib ki, 7 sənaye parkının və 5 sənaye məhəlləsinin  mövcudluğu sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühitini yaradır. Ümumilikdə ölkəmizdə sabitliyin və normal iqtisadi mühitin yaradılması Azərbaycanın böyük investisiyalar məkanı kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Hazırda investisiyaların həcmində müşahidə olunan artım da bunun bariz nümunəsidir. O da məlumdur ki,  Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, artıq investisiya yatıran ölkə kimi də tanınır. Dövrün tələblərinə uyğun hədəflər müəyyənləşdirilərkən daim bu çağırış diqqətə çatdırılır ki,  əgər inkişaf etmiş dövlətlər sırasında addımlamağı əsas məqsəd seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sistemində təkmilləşmə aparmaq mütləqdir. Bu gün Azərbaycanın inkişaf modelinin dünyaya nümunə göstərilməsi idarəçilik sistemində təkmilləşmənin təsdiqidir.

V.Rəhimzadə qeyd edib ki, daxili tələbatın yerli istehsal hesabına ödənilməsini “Diamed” dərman istehsalı zavodunun timsalında da aydın görə bilərik. Zavodda 100 iş yeri yaradılıb. Bu müəssisələrin müasir tələblər səviyyəsində qurulması, avadanlıqlarla təchizatı öz növbəsində xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin  inkişafında və yeni layihələrin gündəmə gətirilməsində öz sözünü deyir. Qeyd etdiyimiz kimi, daim yeniliyə, təkmilləşməyə  xüsusi önəm verən ölkəmiz bütün sahələrdə qazandığı təcrübə ilə nümunədir. Azərbaycanın səhiyyə sistemində təkmilləşmə, beynəlxalq təcrübənin tətbiqi hazırkı dövrün reallıqlarında özünün aydın ifadəsini tapır.  Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş “Diamed”  zavodunda istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi inkişaf etmiş ölkələrdən alınıb.

YAP Xətai rayon təşkilatının sədri diqqəti işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri fonunda  yaradılan müasir tələblərə cavab verən sosial obyektlərə də yönəldib. Vurğulayıb ki, bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə etməklə, həmçinin burada yaradılan müəssisələrdə istehsal olunan yerli məhsulların ixrac potensialını genişləndirməklə həm əməkdaşlıq imkanlarımız artacaq, həm də bu proses ölkəmizin dayanıqlı iqtisadi inkişafına böyük töhfələr verəcək. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilir. Qarşıdakı  illərdə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. Bir sözlə, reallıq budur ki, Azərbaycan hər zaman təkmil sosial-iqtisadi göstəriciləri ilə dünyanın diqqətində olub.

DİGƏR Xəbərlər Arxiv