YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın çirkin təbliğatı

Ermənilərin Pakistanın cənub bölgəsində baş vermiş qatar qəzasını ələ salmaları və bu ölkəyə qarşı çirkin təbliğat aparmaları ilə bağlı Pakistanın “Parliament Times” qəzetində məqalə dərc olunub.

Jurnalist Hilal Əhmədin qələmə aldığı “Ermənistan çirkin təbliğat apararaq Pakistanın imicini ləkələməyə çalışır” sərlövhəli məqalədə avqustun 6-da Nəvabşah şəhəri yaxınlığında baş verən dəhşətli qəza nəticəsində aralarında qadın, uşaq və yaşlı sərnişinlər də daxil olmaqla 30-dan çox insanın həlak olduğu vurğulanıb. Təəssüf hissi ilə bildirilib ki, Ermənistan mediası çoxsaylı insan tələfatı ilə nəticələnən qatar qəzasını Pakistana qarşı qərəzli mövqeyinə görə ələ salmaqda davam edir. “Ermənilərin Pakistana qarşı mövqeyi nifrətə əsaslanır. Belə ki, Pakistan Qarabağ məsələsində haqlı mübarizəsində daim Azərbaycan dövlətini və xalqını dəstəkləyib. Pakistan Azərbaycan ərazilərinin qanunsuz işğalı ilə əlaqədar Ermənistanı müstəqil ölkə kimi tanımır. Eyni zamanda, Pakistan Qarabağ bölgəsinin Ermənistanın işğalından azad edilməsi üçün Azərbaycana ciddi dəstək verib”, - deyə məqalədə qeyd olunub.

Yazıda Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğu xatırlanıb. Pakistanın otuz ilə yaxın işğal altında olan Qarabağın və ətraf rayonların azad edilməsi ilə nəticələnən Vətən müharibəsində Azərbaycana dəstək verdiyi qeyd edilib: “2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdi. Bu, bir həqiqətdir ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ədalətli mövqeyini daim dəstəkləyib. Azərbaycan heç bir kənar yardım olmadan İkinci Qarabağ müharibəsində qalib gələrək ərazi bütövlüyünü bərpa etdi”.

Müəllif Pakistanın BMT və digər beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəfələrlə dəstəklədiyini, Pakistan hökumətinin və xalqının hər zaman Azərbaycanın yanında olduğunu, Ermənistanın təcavüzünü pislədiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan da Kəşmir məsələsində Pakistanı dəstəkləyib və bu problemin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun qaydada həllinin tərəfdarı olduğunu bəyan edib. Azərbaycan Qarabağ məsələsində əsl dostu Pakistanın dəstəyini də ifadə edib.

“Qeyd etmək lazımdır ki, Pakistan Azərbaycan ilə sıx dostluq münasibətlərinə malikdir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kəşmir üzrə Təmas Qrupunun üzvüdür. Hər iki ölkənin mühüm beynəlxalq məsələlərə dair yaxın baxışları var. Pakistan ilə Azərbaycanı möhkəm dostluq əlaqələri birləşdirir. Lakin Ermənistan və Hindistan Azərbaycan-Pakistan dostluq əlaqələrinə qarşı çıxır. Ermənistan Hindistan hökumətini məmnun etmək üçün Pakistana qarşı yalan təbliğatla məşğuldur. Təsadüfi deyil ki, bu yaxınlarda Hindistanın Ermənistana silah tədarük etməsi ilə bağlı mətbuatda da təkzibedilməz məlumat yayılmışdı”, - deyə məqalədə vurğulanıb.

Xatırladaq ki, məqalənin müəllifi Hilal Əhməd bu ilin martında xarici media nümayəndələrindən ibarət heyətin tərkibində işğaldan azad olunmuş ərazilərə səfər edib.