YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin hər bir mesajı gələcəklə bağlı aydın təsəvvür yaradır

“Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi, çıxışı Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbədir. Bu baxımdan  “Euronews” televiziyasına müsahibəsi hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Ölkə Prezidentinin Şuşa Qlobal Media Forumunda çıxışından sonra sözügedən müsahibəsi mühüm məqamlarla diqqətdədir. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün reallıqları fonunda əsas çağırış olan sülh müqaviləsinin imzalanmasını şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin fərqli olacağını düşündük. Azərbaycan sülhə hazır idi. Beynəlxalq iştirakçılardan  müəyyən yeni təkliflər verməsini gözləsək də, boşluğun olduğunu, heç kəsin  nə etməyi bilmədiyini gördük. 

Azərbaycan 30 illik işğal dövründə də eyni vəziyyəti yaşamışdı. Hazırda arxivə atılan ATƏT-in Minsk qrupu  münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılsa da missiyasının nədən ibarət olduğunu 28 ildə dərk etmək istəmədi. Ermənistanın  danışıqlara imitasiya naminə qatılmasına dəstək olmaqla münaqişənin nizamlanması prosesinin  uzanmasına, işğalçı dövlətin  iddialarının daha da dərinləşərək yeni ərazilər uğrunda müharibə planları hazırlaması üçün vaxt qazanmasına səbəb oldu.  Diqqət çəkən məqam postmünaqişə dövründə əksər dünya güclərinin Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsini dəstəkləyərək bu istiqamətdə səylər göstərməsi, ən əsası Qarabağın Azərbaycan ərazisi olduğunu bildirmələridir. Bu reallıqlar işğal dövründə qeyd edilsəydi, qətnamələr kağız üzərində saralmasaydı 44 günlük İkinci Qarabağ müharibəsi yaşanmazdı”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində Azərbaycanın bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə təklif etdiyi sülh müqaviləsindən bəhs etdi və dünya ictimaiyyətinin diqqətini bu məqama yönəltdi: “Bildirdi  ki,  Azərbaycan  30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Hər şey çox rəvan getməsə də  hələ də nikbinik. Çünki hazırda hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparılır. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlər  çox həssas məsələlərə toxunmaq imkanı verir. Sərhədlərin gələcək parametrləri-Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqının  süqutu ərəfəsində Azərbaycan təcavüzlə üzləşdi. Dövlət başçısı İlham Əliyev həmin müsahibəsində mühüm məqamları özündə ehtiva edən sualları səsləndirdi:  “İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Çünki İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir.” Belə bir əminlik də ifadə edildi ki,  əgər Azərbaycan  Ermənistan tərəfindən konstruktiv yanaşma görsə və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda  tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”.   

Deputat diqqəti hazırda Laçın yolundakı vəziyyətə yönəldərək onu da bildirib  ki, Ermənistan ənənəsinə uyğun olaraq  əsassız fikirləri ilə dünyanın diqqətini yayındırmağa, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışdığını aydın şəkildə büruzə verir: “Dövlət başçısı İlham Əliyev mövcud vəziyyəti bir daha əsaslı şəkildə diqqətə çatdıraraq bildirdi ki, hərəkət azadlığı bloklanmayıb. Aprelin 23-dən, yəni sərhəd keçid məntəqəsinin qurulduğu vaxtdan Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəlib. İyunun 15-də Ermənistan növbəti təxribata əl ataraq sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Hansı ki, bu yük maşınlarının, həmçinin sürücülərin uniformaları üzərində  Qırmızı Xaçın emblemləri var idi”.

“Ermənistan hər vəchlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışır. İşğalçı dövlətə bu gün də dəstəyin davam etdirilməsi dünyada etimadsızlıq mühitini daha da dərinləşdirir” söyləyən Malik Həsənov diqqəti dövlət başçısı İlham Əliyevin Ermənistandakı ermənilərə mesajlarına da  yönəldib: “Prezident İlham Əliyev bu mesajı ünvanladı ki, onların ölkəsi ilə sülh istəyirik. Digər mesaj hazırkı geosiyasi vəziyyətin və qüvvələr balansının  aydın dərk edilməsidir. Uzun illər Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın  ən güclü ordusuna sahibdirlər. Əgər müharibə başlasa,  Bakıya çatacaqlar. 44 günlük İkinci Qarabağ müharibəsi bu hekayələri məhv etdi. Azərbaycan nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmir”.

Deputat vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin hər bir çağırışı, mesajı gələcəklə bağlı aydın təsəvvür yaradır: “Sözügedən müsahibəsi  bir daha Azərbaycanın siyasətində müstəqil olduğunu, xarici siyasətinin prinsiplərinin dəyişməzliyini təsdiqlədi. Prezident İlham Əliyev bütün məsələlərə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi baxımından münasibət bildirməklə əlaqələrin inkişafında bu prinsiplərin rolunu və əhəmiyyətini açıqladı. Bir daha bəyan edildi ki, Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Onların da Azərbaycana qarşı ərazi iddialarının olmamamasını istəyirik”.

DİGƏR Xəbərlər Arxiv