YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dəmir yumruq” yerindədir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb. Ölkəmizin başçısı ona verilən sualları cavablandırarkən bir məqama diqqəti yönəldib ki, Azərbaycan xalqı və dövləti beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, cəmiyyətdə bərabər imkanların və hüquqların qorunmasına öz töhfəsini verir. Eyni zamanda,  ölkəmizin ərazi bütövlüyünün, suveren hüquqlarının qorunması isə bizim qırmızı cizgimizdir. Bu cizgini kiminsə keçməsinə imkan verilməyəcəkdir.

Ölkə başçısı İkinci Qarabağ müharibəsindən sonra baş verən proseslərə aydınlıq gətirərək qeyd edib ki, “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq”.

Prezident sülh sazişinə vasitəçilik edən hər bir tərəfi təqdir etdiyini bildirmiş, bunun kimin vasitəçiliyi ilə baş tutacağının o qədər də önəmli olmadığını qeyd etmişdir. Yəni əsas odur ki, ortada nəticə olsun. Təəssüf ki, o nəticə hələ görünmür və Ermənistan davranışları ilə göstərir ki, sülhə hazır deyil. Hələ də orada nə isə möcüzə baş verəcəyinə inanan revanşist qüvvələr at oynatmaqda davam edirlər.

Azərbaycan-Rusiya münasibətlərinə toxunan ölkə başçısı qeyd edib ki, bu münasibətlər tarazlaşdırılıb: “Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Bu, xüsusən də indiki dövrə aiddir. Layihələr enerjinin inkişafına aiddir. Əlbəttə ki, mədəniyyət sahəsi də çox vacibdir”.

Son dövrlərdə Laçın-Xankəndi yolu ətrafında ermənilərin spekulyasiyasına münasibət bildirən Prezident bu işdə BQXK-nin də alət olmasını təəssüflə qeyd etmişdir: “Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”.

BQXK-nin tələb elədiyi ədalət belədirsə, demək o, heç ədalət deyil. Azərbaycanın suverenliynə qarşı çıxan hər bir təşkilatın fəaliyyəti birmənalı şəkildə qadağan edilməlidir. Nə ermənilər seçilmiş xalq deyil, nə də onların tələbi heç bir normaya sığmır. Bizim də haqlı sualımız var ki, bu terrorçu separatist tör-töküntülərə xüsusi məhəbbət haradan və nədən qaynaqlanır? 30 il ərzində Azərbaycan xalqına əzab verən ermənilərə niyə bu qədər sevgi bəslənilir?

Deməli, burada daha gizli məqamlar var və onun haradan qaynaqlandığı da məlumdur. Lakin erməni havadarları birdəfəlik bilməlidir ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil.

Prezident İlham Əliyevin qərbin ikili standartları ilə bağlı söylədikləri xüsusi diqqət çəkir: “İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual atlına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”.

Kifayət qədər aydın və qətiyyətli mövqedir. Bizim separatizmə dözmək limitimiz bitib. Ermənilərin də əslində taqəti yoxdur. Lakin nə yazıq ki, onlar başqalarının əlində oyuncaqdır. Bu da həm erməni xalqına. həm də regionda sülhə ciddi təhlükədir.

“Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik”, - deyə ciddi mesaj çatdıran ölkə başçısı bir daha Azərbaycanın, onun qalib sərkərdəsinin sülhə can atdığını sərgiləmiş oldu.

Bu, bizim - xalqımızın və dövlətimizin mövqeyidir. Biz sülh istəyirik. Kimsə bunun əleyhinədirsə, buyursun. “Dəmir yumruq” da, erməniləri lərzəyə salan “Yaşma” da yerindədir.

DİGƏR Xəbərlər Arxiv