YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəticəyə gəlmək vacibdir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibə Azərbaycan həqiqətlərini özündə əks etdirməklə bərabər ermənilər və Ermənistan üçün çox ciddi mesajlar oldu.

Müsahibənin əvvəlində ölkə başçısı 2020-ci il noyabrın 10-da imzalanmış sənədin sülh razılaşması deyil, sadəcə Bəyanat olduğunu xatırlatdı. Məhz bu Bəyanat Ermənistanın kapitulyasiya aktı oldu. Buna görə Azərbaycan Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladı. Ölkəmiz sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.

Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq Azərbaycan qisası döyüş meydanında aldı.

Prezident İlham Əliyev keçirilən görüşlər haqqında fikir bildirərkən qeyd etdi ki, Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir. Ölkə başçısı bildirdi ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik.

İki ölkə arasında olan vasitəçilər haqqında danışarkən Prezident İlham Əliyev Avropa İttifaqının ən yaxşı vasitəçi ola biləcəyini, ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin qarşılıqlı hörmətə, etimada və maraqlara söykəndiyini qeyd etdi. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Bir halda ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Rusiya isə atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nə də ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Ölkə başçısı vurğuladı ki, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Azərbaycan sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi dəstəkləyəcək.

“Euronews” televiziya kanalına verdiyi müsahibədə Prezident İlham Əliyev ölkəmizin Rusiya, eləcə də Avropa ilə olan münasibətlərindən də bəhs etdi. Ölkə başçısı bildirdi ki, Azərbaycanın Rusiya ilə münasibətləri tarazlaşdırılıb. Burada əsas məsələ ölkələrin bir-birinin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. İki ölkə arasında nəzərəçarpan ticari dövriyyə və daşımalar infrastrukturuna aid bir çox layihələr var. Həmçinin Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, ölkəmiz onu bir çox il əvvəl imzalanmış müqavilələr və planlar əsasında atır.

Müxbirin Laçın yolu ilə bağlı sualında isə Prezident İlham Əliyev diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra həmin yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Yalnız fərq onda olub ki, bu yol rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Azərbaycan tərəfindən müdaxilə etmək addımı da yox idi. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi isə  Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Təbii ki, bu vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı tələbi idi. Çünki müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Prezident İlham Əliyev bildirdi ki, Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın legitim hüququdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. Bu mövzuda danışarkən ölkə başçısı Qırmızı Xaç Komitəsinin qanunsuz əməllərinin də aşkar olunduğunu vurğuladı. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olunub. Qırmızı Xaç Komitəsi bunu etiraf edib və bildirib ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Prezident İlham Əliyev qeyd etdi ki, Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu isə yolverilməzdir.

“Euronews” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini xatırladaraq Ermənistana və Qarabağdakı separatçılara çox ciddi mesajlar da verdi. Ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycan Ermənistana davamlı olaraq sülh, Qarabağ ermənilərinə isə normal həyat təklif edir.