YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin çağırışından nəticə çıxarılmalıdır!

“Ölkəmiz regionda sülh və əməkdaşlıq təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edir. Bu məqsədlə 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Ermənistana beş bənddən ibarət sülh paketi təqdim etdi. Hazırda sülh danışıqları davam etdirilsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən hələ də sülh sazişi imzalanmayıb. Prezident İlham Əliyev Şuşada “Euronews” televiziya kanalına müsahibəsi zamanı Ermənistan cəmiyyətinə öz mesajını verib”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Ermənistan sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Dövlətimizin başçısı xəbərdarlıq edib ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Çünki dünyada və regionumuzda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir, mürəkkəb proseslər baş verir. “Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır”, - deyən dövlət başçısı qeyd edib ki, uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Lakin 44 günlük Vətən müharibəsi Ermənistanın rəhbərlərinin bu fikirlərinin nə qədər yanlış olduğunu sübut etdi. Bu gün Azərbaycan müharibədə qələbə qazansa da, regionda sülhün təmin olunmasının tərəfdarıdır.

P.Kərimzadənin sözlərinə görə, Azərbaycan dövləti Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir. Müsahibə zamanı dövlətimizin başçısı müharibədən sonra Qarabağın erməni sakinləri ilə ilk təmasları xatırladıb. Belə ki, Azərbaycan erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar arasında normal münasibət olub. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, amma azərbaycanlılarla ermənilər asanlıqla ünsiyyət qurublar. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur. Bu fakt deməyə əsas verir ki, bölgədə dinc birgə yaşayış tamamilə mümkündür.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, dövlətimiz Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını da öz üzərinə götürməyə hazırdır. Lakin həm Ermənistan rəhbərliyi, həm də Rusiya sülhməramlılarının məsuliyyət zonasında mövcud olan erməni separatçıları dinc əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsinə imkan vermir. Bu səbəbdən, Prezident İlham Əliyev Qarabağın dinc erməni əhalisinə qondarma “liderlərin” arxasınca getməməyi tövsiyə edib. “Bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər”, - deyə dövlətimizin başçısı bildirib.

“Bu gün Azərbaycan humanitar məqsədlər üçün Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolunu təklif edib. Lakin separatçılar bu yolu bağlamaq məqsədilə həmin yola beton plitələr düzüblər. Təkcə bu fakt onların sülhdən uzaq olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.

Beləliklə, bu gün Azərbaycanın iqtisadi potensialı, gücü Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Digər tərəfdən, ölkəmizdə bir sıra xalqların nümayəndələri bərabər hüquqlar çərçivəsində, təhlükəsizlik şəraitində yaşayırlar: “Bu hüquqlar Qarabağın erməni sakinlərinə şamil olunacaq. Ona görə də, Qarabağda yaşayan erməni sakinlər Azərbaycan Prezidentinin çağırışından nəticə çıxarmalı və reinteqrasiya prosesinə başlamalıdırlar”, - deyə Pərvin Kərimzadə vurğulayıb.