YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli və mənəvi varlığımızın güzgüsü

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Hər bir xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi doğma dilində də öz əksini tapır. Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ulu Öndər Heydər Əliyev hər zaman ana dilinə böyük ehtiramla yanaşıb. Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə ana dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Belə ki, Ulu Öndər Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-in  konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi təsbit edildi.

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də Ulu Öndərin adı ilə bağlıdır. Müstəqillik dövründə Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinin inkişafında yeni mərhələ başlandı. Belə ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır.

Ulu Öndər Heydər Əliyevin müvafiq  Fərmanı ilə 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Böyük öndərimiz doğma dilimiz  haqqında çox müdrik kəlamlar səsləndirib. Bu kəlamlardan birini xatırlayaq: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Ümumiyyətlə, müstəqillik illərində Heydər Əliyevin qayğısı nəticəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Bu gün dilimizin özünəməxsus kamil qrammatik quruluşu, zəngin fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”. 2003-cü il yanvarın 2-də isə Ulu Öndərin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.

Bu gün Azərbaycan dili ölkəmizin dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.  Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Eyni zamanda, müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Beləliklə, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi qərarlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını təsdiqləyir.

DİGƏR Xəbərlər Arxiv