YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçaturyan o şəxsdir ki…

Əli Hüseynli

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri 

Ermənistanın cinayətkar mahiyyəti ifşa olunur. İyulun 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Çerkezoviç Xaçaturyan adlı şəxsin Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi ilə əlaqədar Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə siyasi manipulyasiyalara əl atmışdır. Lakin rəsmi İrəvanın tərəfinin məsələ ilə bağlı ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. 

Xaçaturyan Vaqif Çerkezoviç o şəxsdir ki, 1991-ci il dekabrın 22-də erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndinə basqın edərək orada yaşayan azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürmüş, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmış, dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurmuşdur.

Bununla bağlı təkzibolunmaz çoxsaylı faktlar üzrə prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il noyabrın 12-də beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. V.Xaçaturyanın törətdiyi soyqırımı və əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri Azərbaycan qanunvericiliyi ilə yanaşı, beynəlxalq konvensiyaların da pozulmasıdır. Onun da iştirak etdiyi cinayətkar birliyin milli, etnik və dini zəmində törətdiyi əməlləri 1948-ci il 9 dekabr tarixli “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-cı il 10 dekabr tarixli qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın pozulmasıdır. Bu beynəlxalq normalar belə əməlləri törədənlərin cəzalandırılmasını tələb edir.

Azərbaycan tərəfinin qeyd edilən şəxsi həbs edərkən beynəlxalq humanitar hüququ pozması barədə Ermənistan tərəfindən səsləndirilən iddiaya gəldikdə xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquq müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlərin görülməsini istisna etmir. Azərbaycan tərəfindən atılan bütün addımlar beynəlxalq hüquq və ölkə qanunvericiliyi çərçivəsində həyata keçirilir.

Bu fonda Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması tamamilə yersiz və məntiqsizdir.

Ədalət prinsipinin tələbləri və beynəlxalq hüquqa hörmət baxımından əslində Ermənistanın özü   işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri nəinki müdafiə etməməli, əksinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir. Görünən isə odur ki, Ermənistan Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlərlə bağlı qarayaxma kampaniyas aparmaqla özünün müharibə cinayətlərininə bəraət qazandırmaq məqsədi güdür. Bu, həm də müxtəlif müstəvilərdə Azərbaycan - Ermənistan münasibətlərinin sivil əsaslar üzərində formalaşmasına, bölgədə sülh və əmin-amanlığın təmin olunmasına istiqamətlənmiş addımlara ciddi maneədir. Prezident İlham Əliyevin sülh üçün göstərdiyi siyasi və diplomatik səylər isə beynəlxalq səviyyədə ciddi şəkildə dəstəklənir.

Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi Qarabağda yaşayan erməni vətəndaşlarımızın hüquqlarının azərbaycanlı vətəndaşlarla eyni olduğunu bildirərək onların həyati və sosial problemlərinin də həllini öz üzərinə götürdüyünü dəfələrlə bəyan etmişdir. Ermənistanın və separatçıların qəbul etmədikləri Ağdam-Xankəndi yolunun humanitar dəhliz kimi təklif də məhz bu niyyətdən irəli gəlir. Prezident İlham Əliyev humanizm prinsipləri baxımından hətta şərtlərimizin qəbul edildiyi halda cinayət törətmiş ermənilər barəsində amnistiya tətbiq oluna biləcəyini istisna etmədiyini söyləmişdir.

BQXK tərəfindən də təsdiq edildiyi kimi, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb və onlara qarşı heç bir qanunsuz hərəkət tətbiq edilməyib. Belə olduğu halda sərhəd-buraxılış məntəqəsindən keçən şəxslərə təhdid olduğu barədə Ermənistan XİN-in iddiası tamamilə yalandır və bu yalnız erməni sakinlər arasında təşviş yaratmaq məqsədi daşıyır.

Beləliklə, birincisi, Vaqif Xaçaturyanın saxlanılması işğala və onun nəticələrinə hüquqi qiymətin verilməsi prosesinin tərkib hissəsidir. Azərbaycan dəfələrlə bəyan edib ki, ermənilərin xalqımıza qarşı törədilmiş hər bir əməlinə görə cinayət işi açılıb. Həmin şəxslərin müəyyən edilməsi və haqlarında hüquqi tədbirlərin görülməsi üçün cinayət prosessual hərəkətlər davam etdirilir.

İkinci, bu cinayətkarın həbs edilməsi Azərbaycanın imkanlarını və cəsarətini nümayiş etdirən uğurlu nümunədir, Azərbaycan xalqına qarşı cinayət törətmiş digərləri üçün ciddi xəbərdarlıqdır.

Bu müstəvidə Ermənistan və onun xarici havadarlarının qaldırdıqları şou xarakterli mənasız hay-küy son nəticədə məhz Azərbaycanın çızdığı yol xəritəsi və diktə etdiyi şərtlər daxilində nə Ermənistanla münasibətlərin nizama salınmasının, nə də Qarabağda yaşayan erməni milliyətindən olan Azərbaycan vətəndaşlarının reinteqrasiyasının qarşısını ala biləcək.   

Məsələnin vacib tərəflərindən biri də psixoloji məqamla bağlıdır. 30 ildən sonra millətçi qatil V. Xaçaturyanın həbsi xalqımızda azərbaycanlıların qanına susayan hər kəsin gec-tez ədalət mühakiməsi qarşısında duracağına əminliyin formalaşmasına və eyni zamanda öz dövlətinin qüdrətinə, Liderinin qətiyyətinə və siyasi iradəsinə inamının artmasına təsir göstərən amildir.