YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavab verəcəklər!

90-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən hərc-mərclikdən, xaosdan, hakimiyyətsizlikdən istifadə edən təcavüzkar Ermənistan ərazilərimizi işğal etməklə yanaşı, dinc azərbaycanlılara qarşı amansız divan tutmuş, soyqırımı və insanlıq əleyhinə cinayətlər törətmişdir. Nəhayət, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında şəhidlərimizin, günahsız qurbanların qisasını alıb. Tarixi ədaləti bərpa edib.  Müzəffər Ordumuz tərəfindən azərbaycanlılara qarşı amansız divan tutan erməni hərbi canilərinin bir qismi döyüş meydanında məhv edilib. Amma onların müəyyən bir qismi müxtəlif ünvanlarda gizlənərək tarixi mühakimədən qaçmağa çalışıb.

Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır edib: “Həmçinin Ermənistan tərəfi Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlərə maneə olmaqla, kölgə salmaqla, hərbi canıləri müdafiə etməklə özünün mahiyyətini nümayiş etdirib. Sözsüz ki, Ermənistanın bu davranışları onun müharibə cinayətlərini dəstəkləməsindən və bəraət qazandırmasından başqa bir anlam kəsb etməyib”.

Deputat bildirib ki, 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən terrorçu Vaqif Xaçatryanın Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılması qanuni əsaslara söykənir: “Burada Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Çünki BQXK tərəfindən də təsdiq edildiyi kimi, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb. Eyni zamanda onlara qarşı heç bir qanunsuz hərəkət edilməyib”.

S.Hüseynova hesab edir ki, Ermənistan tərəfinin terrorçunu açıq şəkildə müdafiə etməsi beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olmaqdan başqa bir anlam daşımır: “Məhz bu kontekstdə 30 ildə Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyrıqımı və kütləvi qırğınlar törədən Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması mənasızdır. Çünki Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib.  Bu şəxslər barəsində beynəlxalq axtarışlar elan edilib. Ona görə də istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək. Vaxtilə Azərbaycan xalqına qarşı divan tutmuş şəxslər Azərbaycan qanunları qarşısında etdikləri əməllərə görə cavab verəcəklər”.

DİGƏR Xəbərlər Arxiv