YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eyni dəyərlərə malik xalq

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Beynəlxalq aləmdə sözü ilə imzası bir olan müstəqil Azərbaycanın Pakistan İslam Respublikası ilə əlaqələrinin dərin tarixi kökləri var. Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Pakistan və Azərbaycan xalqları bir-birinə qarşılıqlı hörməti bəsləyir. Məhz bunun üçün, iki qardaş ölkə hər zaman çətin günlərdə bir-birilərinin yanında dayanıb, bir-birinə dəstək olublar. Bu ənənə bu gün də uğurla davam etdirilir.

Hər iki ölkə rəhbərlərinin tez-tez qarşılıqlı səfərləri dünyaya iki qardaş ölkənin hərbi və siyasi sahələrdə sıx əməkdaşlığını, həmrəyliyini nümayiş etdirir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasındadır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə görə Pakistanla diplomatik münasibətlər qurmaması əsl qardaşlıq nümunəsidir. Ümumiyyətlə, Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dönəmdə də Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən olan Pakistan İslam Respublikası dost və qardaş Türkiyədən sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən olub.

Bu gün də Pakistanla Azərbaycan arasında iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür. Eyni zamanda, Türkiyənin, Pakistanın, Azərbaycanın birlikdə yürütdükləri siyasət islam dünyasında əlaqələrin inşafına, İslam dünyasının maraqlarının müdafiəsinə yönəlmiş siyasətin bariz nümunəsidir. Uğurlu keçən səfər çərçivəsində ikitərəfli və regional məsələlər ətrafında aktual müzakirələr, Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatlarla çıxışları iki qardaş ölkənin birlryinin, həmrəyliyinin nümayişi oldu. Mətbuata verilən Bəyanatında Prezident İlham Əliyevin “Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur”, Məhəmməd Şahbaz Şərifin “Pakistan və Azərbaycan iki qardaş xalqdır.

Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub”fikirləri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsində olduğunu təsdiq edir. “Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”.

Ölkə Prezidenti İlham Əliyevin bu sözləri isə dövlətlərarası ikitərəfli münasibətlərin dərinləşməsinin bariz nümunəsidir. Pakistanın ağrılı Kəşmir münaqişəsinə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Azərbaycanla Pakistan arasında müdafiə sənayesi, təhsil, enerji sektoru, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsi xalqlarımızın daha da yaxınlaşmasına, güclü tarixi bağlarının gücləndirilməsinə gətirib çıxaracaq, regionda sülh və sabitliyin bərqərar olmasına böyük töhfə olacaq.