YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq çoxşaxəli və genişdir

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Tarixi  dostluq,  qarşılıqlı etimad, səmimi münasibətlər,  yüksək səviyyəli  əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafı eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biridir. 

Qardaş ölkədə keçirilən seçkilərdə növbəti dəfə Türkiyə Prezidenti seçilən cənab Rəcəb Tayyib Ərdoğanın ənənəsinə sadiq qalaraq ilk səfər etdiyi ölkələrdən biri kimi Azərbaycanı seçməsi, nümunəvi qardaşlıq münasibətlərinin təzahürüdür.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 iyunda Azərbaycana, Prezident İlham Əliyevin ifadə etdiyi kimi “Vətəninə” dövlət səfəri Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrində yeni imkanlar açması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlət səfəri çərçivəsində mətbuata bəyanatında Prezudent İlham Əliyev bildirdi ki, “bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir”.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr zənginliyi və əhatə dairəsinin genişliyi ilə seçilir. Eyni zamanda, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istərsə də humanitar sahədə birgə reallaşdırdığımız layihələr, birlikdə atılan addımlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə və dünya üçün də mühüm əhəmiyyət kəsb edir. Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün də başlıca şərtdir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bunun təcəssümüdür.

Bu ərəfədə ikinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Uzun illər müttəfiqlər kimi fəaliyyət göstərən Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi nəticəsində rəsmən müttəfiq oldular. Bu mühüm tarixi sənəd iki qardaş dövlətin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və qlobal rolunu, çəkisini daha da artıracaq.

Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. Otuz illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyini dövlətimiz və xalqımız yüksək qiymətləndirməklə heç vaxt unutmayacaq.