YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur.

 Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Pakistan arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.

 Azərbaycanın yüksək səviyyədə əlaqələrinin olduğu ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Qeyd edək ki, 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib.

Vurğulamaq yerinə düşər ki. 1993-cü il aprelin 30-da Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 2005-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana 2 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb.  

İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri də bu dostluq, qardaşlıq münasibətlərinə söykənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı ali qonağı salamlayaraq  Azərbaycanla Pakistanın münasibətlərinin  iki qardaş ölkə arasında olan münasibətlər səviyyəsində olmasından məmnunluğunu ifadə edib. Cənab Prezident qeyd edib ki, “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən Müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram.”

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi.

İki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səy göstərən liderlər indiki şəraitdə bu əlaqələrin çərçivəsini genişləndirmək, müxtəlif sahədə əmkdaşlığın perspektivlərini nəzərdən keçirmək qərarına gəlmişlər. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi önəm verildiyini bildirərək qeyd etdi ki, “Biz razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.

Biz, eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək.”

Bu gün Azərbaycanla  Pakistan arasında hərbi-siyasi əməkdaşlıqla yanaşı, təhsil sahəsində də inkişaf edən əməkdaşlıq mövcuddur. Ölkə başçısının qeyd etdiyi kimi “Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Yəni, biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.”

Bu gün Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib, Kəşmir və Ermənistan-Azərbaycan Qarabağ problemlərinə eyni mövqedən yanaşıb və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

Müdafiə sənayesi sahəsində birgə əmkdaşlığa toxunan cənab Prezident bildirdi ki, indiki şəraitda güc amili olmasa dövlət öz suverenlini təmin edə bilmir. Çünki ikili standartlar buna imkan vermir. BMT qətnamələrinin çoxu icra olunmur. Bunu biz Ermənistanın 30 illik işğalı dövründə gördük. Ona görə də qardaş ölkələrlə müdafiə sahəsinin gücləndirilməsi prioritet sahələrdəndir. Pakistanla olan münasibətlərimiz təkcə rəhbərlər səviyyəsində deyil. Xalqlarımız da rəhbərlərin fikirlərini dəstəkləyir. Bu da bizim gələcəkdə daha yüksək səviyyədə əlaqələrimizin təməli üçün başlıca şərtlərdən biridir. Son vaxtlar iki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər.