YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ənənə uğurla davam etdirilir

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var. Hər iki ölkənin xalqları bir-birinə qarşılıqlı hörmət bəsləyir. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib.

1995-ci ilin oktyabrında Pakistan Prezidenti Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.

1996-cı ildə isə Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan Prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan ediblər.

Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. 2002-ci ildə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

Qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xətti ilə Pakistanda bir sıra mühüm layihələr həyata keçirilmiş, zəlzələdən zərərçəkmiş məktəblər təmir edilmiş, tibb müəssisələri müvafiq avadanlıqlarla təchiz edilmişdir.

Sadalanan faktlardan da göründüyü kimi, Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birilərinin yanında olmuşlar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Hə iki dövlət bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamışdır. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcək.

44 günlük vətən müharibəsi dönəmində və ondan sonrakı müddətdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır.

Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində baxmayaraq ki, iki il yarım bundan öncə müharibə başa çatıb, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.

İnanırıq ki, dərin kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə-Pakistan münasibətləri, dostluğumuz və qardaşlığımız bu gündən sonra da yüksələn xətt üzrə inkişaf edəcək.

Perspektiv əməkdaşlıq istiqamətlərinə gəldikdə isə artıq Azərbaycandan bir neçə nümayəndə heyətinin Pakistana səfəri baş tutacaq. Ticarət və sərmayə, enerji və müdafiə sənayesi sahəsində əməkdaşlıq nəzərdən keçiriləcəkdir. Enerji sahəsində böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayının artacağı şübhəsiz gözlənilir.

Bundan əlavə ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verməkdədirlər.