YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük perspektivlər mövcuddur

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Pakistan Azərbaycanla dost və qardaş ölkədir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistan hər zaman ölkəmizin ərazi bütövlüyünü tanıyıb, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Ölkələrimiz arasında bir çox sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq da məhz dostluq-qardaşlıq münasibətləri əsasında qurulmuşdur. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də ölkəmizə rəsmi səfəri isə iki ölkə arasında yeni mərhələnin başlanğıcı olacaq.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin  rəsmi səfəri ilə əlaqədar  mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Ölkə başçısı qeyd etdi ki, 44 günlük müharibə dövründə Türkiyə və Pakistan ölkəmizlə bir yerdə idi. Pakistan və Azərbaycan beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirir. ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıran bu dəstək bundan sonra da davam edəcək. Ölkəmiz Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyib. Bəyanatında Azərbaycan-Ermənistan münasibətlərinə diqqət çəkən Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında sülh sazişinin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməli və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır.

Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev Azərbaycan və Pakistan arasında perspektiv əməkdaşlıq istiqamətlərindən geniş bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, ölkələrimiz arasında perspektiv əməkdaşlıq istiqamətlərinə ticarət və sərmayə, enerji, təhsil, müdafiə sənayesi kimi məsələlər daxildir. Qeyd olunan məsələlərlə əlaqədar bir neçə nümayəndə heyəti Pakistana səfər edəcək. Nümayəndə heyətləri ticarət və sərmayə, enerji məsələsi ilə məşğul olacaq və müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəklər. Bir halda ki, ölkələrimiz arasında enerji sahəsində böyük perspektivlər mövcuddur. İmzalanacaq anlaşma memorandumuna əsasən şəhərlərimiz arasında uçuşların sayı artacaq ki, nəticədə birgə ticarətin həcmi də yüksələcəkdir. Bundan əlavə, Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlığın da böyük potensialı var. Hazırda ölkəmizdə Pakistandan olan 750 tələbə təhsil alır və bu proses sürətlə artmaqdadır. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında xüsusilə qeyd etdi ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız ölkəmizin hərbi gücü və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Azərbayan öz ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımızı 3 min şəhid verərək döyüş vasitəsilə aldı. 

Ölkə başçısı vurğuladı ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Bakının müxtəlif yerlərində Pakistan bayraqları dalğalanır. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.