YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekoloji terrorun davamı

“Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ağır cinayətlər sırasında ekoloji cinayətlərin də miqyası çox genişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra biz şahidi olduq ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı da düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi terror nəticəsində regionun ekologiyası üçün ciddi təhlükələr yaranıb. Belə ki, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. 

Deputat bildirib ki, Ermənistan 30 ildən artıq müddətdə işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi ekoloji terroru Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək niyyətindədir. Arazdəyən kəndində inşa olunan metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan yuxarıdır. Bu isə kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir. Azərbaycan bu cür ekoloji cinayətə göz yuma bilməz. Ərazidə iri metallurgiya zavodu tikməklə Ermənistan növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur. Konvensiyaya görə, bu cür layihələrin, digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Beləliklə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi.

Millət vəkili xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti məhz Şuşa şəhəri yaxınlığında yerləşən və dövlət qoruğu hesab edilən Topxana meşəsinin qırılması ilə başlanıb. Ermənistanın işğalı altında qalmış onminlərlə hektar meşə sahəsi və buradakı qiymətli ağac növləri kəsilərək müxtəlif məqsədlər üçün istifadə olunub. Uzun illər işğal altında qalmış bu ərazilərdəki meşələrin kütləvi qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olub. Bütövlükdə, bu ərazilərdə mövcud olmuş təbiət qoruqlarımız və yasaqlıqlarımız ermənilər tərəfindən məhv edilib. Eləcə də Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə yeraltı sərvətlərimizi də talan edib. Ermənilər ekoloji terror siyasətini 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra da davam etdiriblər. Belə ki, bu razılaşmadan sonra ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən yaşayış evlərini, ictimai binaları, yaşıllıqları məqsədli şəkildə yandırıblar. Onların ev heyvanlarını tələf etmək, bu ərazilərin zəngin flora və faunasını məhv etmək kimi hərəkətləri vandalizm aktıdır.

Pərvin Kərimzadə qeyd edib ki, Arazdəyən kəndində tikilən zavodun ən böyük təhlükəsi su mənbələrinin çirkləndirilməsi, zərərli tulantıların Araz çayına axıdılmasıdır. Bütün bunlar beynəlxalq cinayətlərdir. O xatırladıb ki, transsərhəd çay olan Oxçuçay da Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Ötən il aparılan monitorinqlərdən bilindiyi kimi, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki, sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Ermənistan bu ekoloji terroru indi də Arazdəyəndə zavod tikməklə Araz çayına qarşı törətmək istəyir. Bu da Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərən amildir. Suyun çirkləndirilməsi ilə həm insanlar, həm də digər canlıların sağlamlığı ümün ciddi təhdid yaranır. Ermənistan bunu məqsədli şəkildə həyata keçirir. Ona görə də, dünya birliyi, müvafiq beynəlxalq təşkilatlar bu hadisəyə münasibət bildirməli, Ermənistanın növbəti ekoloji terrorunun qarşısını almalıdırlar.

“Əgər rəsmi İrəvan üçün metallurgiya zavodunun yaradacağı çirklənmə heç bir əhəmiyyət daşımırsa, öz əhalisninin sağlamlığı önəmli deyilsə, o zaman zavodu Azərbaycan sərhədlərindən uzaqda, Ermənistanın dərinliklərində inşa edə bilərlər”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.