YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr daim möhkəmlənməkdədir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı əlaqələrə malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından keçir.
Bu gün artıq Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər istər hökumət, istərsə də xalqlar çərçivəsində əhatəli və köklü bir səviyyəyə çatıb, hətta bütün sahələr üzrə əlaqələr gün keçdikcə sürətlə inkişaf edir və güclənir.
İki dövlət arasındakı qardaşlıq sözdə deyil, əməldə öz təsdiqini tapıb. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimali Kipr Türk Respublikasının ardınca 13 iyun tarixində Azərbaycana dövlət səfəri bu qardaşlığın ən parlaq nümunələrindən biridir. Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bugünümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi apararaq gələcək hədəfləri açıqladılar. “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcəklər.
Cənab İlham Əliyev mətbuata birgə bəyanatında önəmli mesajlar verərək
söyləyib ki, “Biz Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır”, “Hər halda, biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır”.

İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünün qeyd olunacağını bildirən dövlətimizin başçısı deyib: “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”. Dövlətimizin başçısı qeyd etdi ki, bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir. Azərbaycan-Türkiyə qardaşlığı 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı növbəti dəfə dünyaya nümunə göstərdi. Belə ki, Azərbaycan qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin ilk anlarından Türkiyəyə öz yardımı və dəstəyini əsirgəmədi. Azərbaycan dövləti, xalqı öz doğma qardaşlarına dəstək oldu. Biz bütün dünyaya bir daha nümayiş etdirdik ki, xalqlarımız arasında əsl qardaşlıq əlaqələri mövcuddur. Zəlzələnin ilk günlərindən Azərbaycanın dövlət səviyyəsində qardaş Türkiyəyə yardımı və dəstəyi sistemli həyata keçirildi və hər cür yardım sona qədər davam etdirildi.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz bəyanatında Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada qibtə ilə izləndiyini vurğulayıb.
Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik.
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə qardaşlığı, dostluğu  strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.