YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhalinin hüquqlarının və mənafeyinin qorunması üçün mütərəqqi addım...

Əli Hüseynli

Milli Məclisin deputatı

Son zamanlar Azərbaycanda xüsusilə urbanizasiya prosesinin nəticəsi olaraq əhalinin ən sıx yerləşdiyi Bakı şəhərində  taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma  sahəsində xidmət səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı müzakirələr daha intensiv xarakter almışdır. Bu baxımdan bu sahəyə dair  yeni qaydaların müəyyənləşməsi ilə bağlı Milli Məclis tərəfindən milli  qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsini sosial sifariş hesab etmək olar. Ələlxüsus, daha çox şəhər əhalisinin istifadə etdiyi taksi xidmətinin müasir tələblər səviyyəsində qurulması üçün lazımi addımların atılması, o cümlədən inzibati tədbirlərin görülməsi ilə bağlı zərurət ortaya çıxmışdır.

Doğrudur, hazırda bu xidmət nisbətən ucuz başa gəlirsə də, bu fəaliyyət sahəsində çoxsaylı neqativ hallar bu üstünlüyün əhəmiyyətini heçə endirir. İlk növbədə, taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayının dünya üzrə hər min nəfərə düşən orta göstəricisindən 4-5 dəfə çox olması şəhərdə tıxacların yaranması ilə nəticələnir. Digər  problem ictimai nəqliyyat kimi avtobusların dövrlər sayının  azalmasıdır ki, bu da həmin nəqliyyat vasitələrinin səmərəsiz fəaliyyətinə səbəb olur. Bu baxımdan, hesab edirəm ki, qabaqcıl ölkələrin şəhərlər üzrə əhali sayına və infrastruktura görə taksi sayına kvotanın tətbiq edilməsi təcrübəsindən yararlanmağın zamanı artıq yetişib.

Qiymətlərin digər ölkələrlə müqayisədə çox ucuz olması ilk nəzərdə cəlbedici görünsə də, əslində sürücülərin qazancına mənfi təsir edən ən ciddi amildir və  maddi imkansızlıq ucbatından onlar avtomobillərinə  normal texniki xidmət göstərə bilmirlər. Elə bunun nəticəsində də avtomobillər taksi standartlarına cavab vermirlər.  Digər tərəfdən, gündəlik ödənişləri təmin etmək üçün 12-13 saat işləmək məcburiyyətində qalan və tibbi müayinədən keçməyən  sürücünün fiziki və psixoloji durumu həddən artıq pisləşir ki, bütün bunlar da ağır yol nəqliyyat hadisələrinin baş verməsi üçün real təhlükə mənbəyidir. Rəsmi statistik məlumatlara əsasən, təkcə 2023-cü ilin 5 ayı ərzində Azərbaycanda  bu zəmində  60-a yaxın insan həyatını itirmişdir.

Taksilərin belə nəzarətsiz və xaotik fəaliyyəti təkcə məişət problemlərinə deyil, eyni zamanda müxtəlif qanun pozuntularına da geniş yol açır. Taksi aqreqatorları fərqlənmə nişanı olmadan taksi xidmətinin göstərməsinə şərait yaradırlar ki, bu da sonda vergidən yayınma halları ilə nəticələnmiş olur. Taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün müəyyən edilmiş tələblərə riayət olunmaması – etik davranış qaydalarına riayət edilməməsi, ödəniş formalarının tətbiqinin məhdudlaşdırılması və s. taksi xidmətinin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, aqreqatorların əmək münasibətlərini rəsmiləşdirilməməsi sürücülərin özlərinin gələcək sosial təminatları ilə bağlı problemləri gündəmə gətirir.

Odur ki, taksi, sərnişindaşıma və yükdaşıma  fəaliyyətində yeni qaydaların tətbiqi bu sahədə müasir, sivil və keyfiyyətli xidmətin formalaşması üçün əsaslı zəminin yaradılmasını hədəfləyir. Bu tədbirlər sırasına taksi daşıyıcılarının və aqreqtaorlarının fəaliyyətinin Azərbaycan qanunvericiliyinin tələbləri üzərindən tənzimlənməsi, o cümlədən, qayda pozuntularına qarşı cəza tədbiri kimi inzibati resurslardan istifadə edilməsi daxildir.

Taksi sürücüləri üçün etik davranış qaydalarına dair təlimlərin keçirilməsi mühüm və müsbət yenilikdir. Velosiped və skuterlərin hərəkəti və piyadalar üçün münasib infrastrukturun yaradılması ilə ekoloji təmiz mobilliyin təşviqi təmin edilməsi nəzərdə tutulur.

Tənzimləmə üçün elektron sistemlərin istifadəyə verilməsi, o cümlədən AYNA İnformasiya Sistemi üzərindən icazələrin elektron qaydada verilməsi taksi və  sərnişindaşıma fəaliyyətinə effektli nəzarəti  təmin edəcəkdir. Avtobusların rahat hərəkəti üçün xüsusi hərəkət zolaqları yaradılması ilə marşrut şəbəkəsinin optimallaşdırılması və genişləndirilməsi mümkün olacaqdır ki, bu halda şəhər sakinləri üçün məhz bu xidmətdən istifadə daha ucuz, rahat, münasib və cəlbedici olacaqdır.

Beləliklə, taksi, sərnişindaşıma və yükdaşıma  fəaliyyətində yeni qaydaların tətbiqi ilk növbədə insan amilinə söykənir və həm xidmət istifadəçilərinin, həm də xidmət göstərən subyektlərin hüquqlarının və mənafelərinin qorunması baxımından mütərəqqi addımdır.