YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə birliyi hər gün bir daha zəfər çalır

Tarixi ənənələrə, dərin köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bu günkü mərhələsi dünyaya nümunədir. İki qardaş ölkənin rəhbərləri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib. O, qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi bu dəfə Türkiyədə son seçkilərdə qələbə qazanan cənab Rəcəb Tayyib Ərdoğanın ənənəvi olaraq Şimali Kiprə, daha sonra isə Azərbaycana səfər etməsi oldu.

“Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm də heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır”. İyunun 13-də hər iki ölkə rəhbərlərinin mətbuata bəyanatla çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi bu fikirlər Azərbaycan və Türkiyə dövlətləri arasındakı əlaqələrin bütün sahələr üzrə daha yüksək səviyyəyə çatdığını təsdiq edir. Zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdə də birlik olan Azərbaycan və Türkiyə həmrəyliyi beynəlxalq aləmdə sülhün, əmin-amanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində böyük əhəmiyyətə malikdir.

Türkiyə-Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənildiyini dilə gətirən cənab Rəcəb Tayyib Ərdoğan deyib ki, “Bunu Türkiyədə zəlzələ zamanı da gördük. Azərbaycan heyətləri dərhal zəlzələ bölgəsinə gəldi. Ürəyi Türkiyə ilə döyünən hər bir azərbaycanlıya minnətdaram”.

Bayram Aslanov onu da qeyd edib ki, 44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş ölkənin Azərbaycana siyasi-mənəvi dəstəyi gücümüzə güc qatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bəyan etdi. Bu isə təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

İki il əvvəl Qarabağın tacı Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşməsi bu günkü fəaliyyət üçün yol xəritəsi oldu. İki dost ölkə arasında gündən-günə möhkəmlənən münasibətlər, birgə həyata keçirilən layihələr, həmrəyliyimiz, qardaşlığımız hər zaman örnək göstərildi.

15 İyun Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü ərəfəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaş Azərbaycana dövlət səfərininin gerçəkləşməsi rəmzi məna daşıyır. Türkiyə və Azərbaycanı rəsmən müttəfiq edən Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasında əməkdaşlığı gücləndirməklə yanaşı türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da inkişaf etdirilməsinə zəmin yaradıb. Sevindirici haldır ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Türkiyə ilə Azərbaycan dövlətlər arasında ticarət dövriyyəsi də sürətlə artaraq, 6 milyard dollara yaxınlaşıb.

Sevincli gündə olduğu kimi kədərli günlərdə də bir-birinin yanında olan Azərbaycan-Türkiyə birliyi hər gün bir daha zəfər çalır. Hər zaman gücümüzə güc qatan Türkiyənin dəstəyi bir daha göstərir ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Əsas məqsədlərinin regionda sülhün bərqərar olması olan qardaş ölkənin prezidentlərinin mətbuata verdikləri bəyanatları bir daha göstərdi ki, dünya neçə-neçə belə Türkiyə-Azərbaycan qardaşlığını təsdiq edən tarixi hadisənin şahidi olacaq - deyə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib.