YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq münasibətləri mühüm rol oynayır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

“Bir millət-iki dövlət” – Vaxtilə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən deyilmiş bu sözlər bu gün iki ölkə münasibətlərinin bütün sahələrində öz təsdiqini tapır. İyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bu birliyin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Türkiyə Respublikasında keçirilmiş prezident seçkilərində qalib gəldikdən sonra Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəsinin ifadəsidir. Bu münasibətlər strateji əməkdaşlığın daha vüsətlə inkişafı üçün yeni imkanlar açır. Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bu əlaqələrin inkişafında Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir.

Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarda belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər deyən Türkiyə Prezidenti ürəyi onlarla döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz adından və milləti adından bir daha minnətdarlığını bildirib.

Azərbaycan-Türkiyə münasibətləri yalnız öz mənafelərini önə sürən, hər şeyə korporativ maraqlar prizmasından yanaşan ölkələrə əsl örnəkdir. Bir çox ərəbdilli, slavyandilli ölkələrin nümunəsində görürük ki, xalqların etnik birliyi heç də mütləq mənada onların siyasi, iqtisadi, mənəvi birliyi demək deyil. Azərbaycan-Türkiyə münasibətləri etnik, dini birliklə bərabər həm də ruh birliyi, mənəviyyat, əqidə birliyi ilə güclüdür. Bu gün bölgədə və dünya miqyasında öz sözünü deyə bilən dövlətlər olaraq Azərbaycan və Türkiyə regional və qlobal əhəmiyyətli birgə iqtisadi layihələr həyata keçirirlər.

Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə bir daha təsdiqləndi. Dövlət başçılarımızın timsalında formalaşmış Azərbaycan-Türkiyə qardaşlığı hazırda çox böyük uğurla davam etdirilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardımla bağlı məsələlərə də yer verilməsi olduqca önəmlidir. Bu, onu göstərir ki, ölkələrimiz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birinin təhlükəsizliyinə töhfə verəcəklər. Təbii ki, qarşılıqlı hərbi təcrübənin öyrənilməsi olduqca vacibdir. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də sənəddə əksini tapan məsələlər sırasındadır.

Rəcəb Tayyib Ərdoğanın səfəri də göstərdi ki, Azərbaycan və Türkiyə qardaşlığı bölgəyə sabitlik gətirməklə yanaşı, həm də regional aktorlar üçün bir örnək rolunu oynayır.

Bu gün öz liderlərinin sayəsində Azərbaycan və Türkiyə bütün dünyada böyük uğurlar əldə etmiş, azad və müstəqil, prinsipial siyasət yürüdən ölkə kimi tanınır. Artıq şübhə yoxdur ki, iki xalq və dövlət arasındakı qardaşlıq daimidir və yaxın vaxtlarda biz hər iki ölkənin növbəti uğurlarına şahidlik edəcəyik.