YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə”

Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi  keçirilib

İyunun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi  keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Bakı Ali Neft Məktəbinin inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Rəqəmsal İdeya Müsabiqəsi barədə videoçarx nümayiş olunub.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov müsabiqə haqqında məlumat verərək bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqənin əsas məqsədi Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılmasıdır. Bəxtiyar İslamov qeyd edib ki, müsabiqə üçün respublikanın 63 inzibati ərazi vahidindən 1372 gənc müraciət edib. Onlardan 120 nəfər seçilərək 30 fərqli komandada yarışıblar. Gənclər “Qarabağ arzusunda” komanda quruculuğu fəaliyyətində, “Daim yaddaşımızda” rəqəmsal həll konseptində, “Örnək ömür” intellekt rinqində və “100 ilin astanasında” tarixi faktlar yarışında iştirak ediblər. İştirakçılar xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıblar. 30 komandadan 10-u finala vəsiqə qazanıb. Münsiflər heyəti tərəfindən 3 qalib komanda müəyyən edilib.

Daha sonra qalib komandalar mükafatlandırılıb.  I, II, III yerləri tutmuş komandalara müvafiq diplomlar və xatirə hədiyyələri, qalib komandaya isə əlavə olaraq kubok təqdim olunub.

Müsabiqədə birinciliyi qazanmış “Əbədi” komandasının üzvlərinə  mükafatları Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təqdim edib.

Mərasimdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 2023-cü il Azərbaycan xalqı üçün olduqca əlamətdardır: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. “Heydər Əliyev İli” çərçivəsində həm respublikamızda, həm də onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, müdrik dövlət xadiminin zəngin dövlətçilik irsinə hərtərəfli nəzər salınır”.

Tahir Budaqov qeyd edib ki,  Heydər Əliyev yeni Azərbaycan reallığını və ölkəmizin parlaq gələcəyinin etibarlı bünövrəsini yaratmışdır: “Ulu Öndər həm sovetlər dönəmində, həm də müstəqillik illərində xalqımız qarşısında misilsiz xidmətlər göstərib. Xüsusilə də,  Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaqdan xilas etdi. Qısa müddət ərzində respublikada sabitlik təmin olundu, Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq müstəvidə müstəqil dövlət kimi layiqli yerini tutdu”.

YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinə də hər zaman yüksək diqqət və qayğı göstərib. “Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illərdə gənclərin inkişafı üçün məqsədyönlü işlər görülüb və mühüm addımlar atılıb. Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Ulu Öndərin əbədiyaşar ideyalarının yeni nəslə aşılanmasının xüsusi önəm daşıdığını diqqətə çatdıran Tahir Budaqov vurğulayıb ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən Rəqəmsal İdeya Müsabiqəsi Ulu Öndərin zəngin irsinin yeni yanaşmalar əsasında öyrənilməsi və gənclərimizin innovativ potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir: “Bu cür müsabiqələr gənclərin istər intellektual potensialının üzə çıxarılması, istər ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı, istərsə də gənclər arasında kommunikasiyanın gücləndirilməsi baxımından önəmlidir”,- deyən Tahir Budaqov YAP-ın gənclərin inkişafına xüsusi diqqət yetirdiyini və onlara hər zaman dəstək göstərəcəyini vurğulayıb.

Müsabiqədə 2-ci yerin qalibi olan “İstiqlal” komandasının üzvlərinə mükafatları təqdim edən Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov qeyd edib ki, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu siyasətin nəticələri gənclərimizin uğurlarında öz əksini tapır.

Rektor gənclərin inkişafında, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayan belə müsabiqələrin təşkilinin ənənəyə çevrilməsini müsbət hal kimi dəyərləndirib. O qeyd edib ki, Rəqəmsal İdeya Müsabiqəsi özünəməxsusluğu ilə seçilir. Elmar Qasımov  müsabiqənin gənclərin inkişafında, onların potensialının, bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. “Müsabiqədə iştirak edən komandaların adlarının milli olması təqdirəlayiqdir. Bu, gənclərimizin milli-mənəvi dəyərlərə sadiqliyinin göstəricisidir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən gənclər Heydər Əliyev ideyalarına və milli-mənəvi dəyərlərə sadiqdirlər” ,- deyə Elmar Qasımov vurğulayıb.

Müsabiqədə 3-cü yerin qalibi olan “Zəfər” komandasına mükafatları təqdim edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov komanda üzvlərinə uğurlar arzulayıb.

“İntellekt Rinqi”nin qalibi olan “Gənc Azərbaycançılar” komandasının üzvlərinə isə mükafatları YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu təqdim edib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edən Elşad Mirbəşiroğlu Yeni Azərbaycan Partiyasının hər zaman kreativ ideyalarla çıxış etdiyini bildirib. O, bu tipli layihələrin gənclərin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

Sonda müsabiqə qalibləri ilə xatirə fotosu çəkdirilib.