YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Vətənə xidmət nümunəsi

Qusarda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyunun 14-də YAP Qusar rayon təşkilatı “Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışıb, ölkəmizin müstəqilliyi və tərəqqisi yolunda misilsiz xidmətlərindən söz açıb. O bildirib ki, “Heydər Əliyev İli” ilə əlaqədar partiya tərəfindən keçirilən tədbirlərdə deviz kimi istifadə olunan Ulu Öndərin “Nə qədər ki, Azərbaycan var, mən də varam” kəlamı müasir Azərbaycanın timsalında öz təsdiqini tapır və müdrik dövlət xadiminin ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov qeyd edib ki, Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur: “Ulu Öndərimizin ümummilli və ümumbəşəri ideyaları daim xalqımızın, millətimizin yoluna işıq saçacaq və müstəqil dövlətimizin daha da güclənməsində böyük rol oynayacaq”.

YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman, məkan anlayışına sığmır. Onun sözlərinə görə, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.

AMEA-nın müxbir üzvü, partiya veteranı, professor Novruz Quliyev bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbdir: “Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin bizlərə və gələcək nəsillərə əmanətidir”.

YAP Təftiş Komissiyasının üzvü Həsən Həsənov çıxışında deyib ki, Ulu Öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından çox sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi Azərbaycan tarixində müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub.

Qusar rayon Ağsaqqallar Şurasının sədri Vahid Mehdixanov, Vətən müharibəsi şəhidi Sənan Zamanovun atası, partiya üzvü Qahir Zamanov, Vətən müharibəsi qazisi, partiya fəalı İlkin Abuyev və YAP Qusar rayon təşkilatının gənc fəal üzvü Arzu Bağırova çıxışlarında vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə və xalqa sədaqətli xidmət nümunəsidir. Bu gün Azərbaycanın böyük uğurlara imza atması məhz Ümummilli Liderin ideyalarının əbədiyaşar olduğunu göstərir.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.