YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluş məfkurəsi və xilaskarlıq missiyası

Ramiz Alıyev

Politoloq

Heç kəsə sirr deyil ki, 1990-cı illərin əvvəlində Azərbaycan böyük təhlükə qarşısında idi. Müstəqilliyimizə qarşı olan daxili və xarici qüvvələr birləşərək dövlətimizi məhvə sürükləyirdilər. Mühüm coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan Azərbaycanın müstəqil olması bəzi dairələri ciddi narahat edirdi. Yaranmış fürsətdən və boşluqdan yararlanan Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində ölkəmizin zəifləməsi, həmçinin hakimiyyətdaxili çəkişmələr, yarıtmaz idarəçilər cəmiyyətdə dövlətimizə qarşı böyük inamsızlıq yaratmışdı. 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələr bir ildən sonra xalq tərəfindən devrildi. Belə bir çətin zamanda 1993-cü il iyununda Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Ulu Öndərin məqsədi ölkəni uçurumdan xilas etmək idi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan, qardaş qırğınından xilas etdi.

Ölkədə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

Bu gün Heydər Əliyevin adı hər yerdə dərin ehtiramla anılır. Milli xilaskarımız olan Ümummilli Liderimizin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər iki siyasi lider tərəfindən həyata keçirilən azərbaycançılıq ideologiyası bu gün vətənpərvər, dövlətə, millətə bağlı, eyni zamanda savadlı gəncliyin yetişməsinə səbəb olub. O gənclik ki, Ali Baş Komandanın ətrafında sıx birləşərək onun əmrinə qeyd-şərtsiz əməl edərək Qarabağımızı 30 illik erməni işğalından azad etdilər.

Əminliklə demək olar ki, əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya gəlib xilaskarlıq missiyasını üzərinə götürməsəydi, biz Qarabağdan birdəfəlik məhrum olacaqdıq, dövlətimizin müstəqilliyi də sual altında olacaqdı. Ulu Öndər Heydər Əliyevin yorulmaz və gərgin siyasi-diplomatik fəaliyyəti, dövlətçilik təcrübəsi, Azərbaycan xalqının milli maraq və mənafeyinə bağlılığı ilə ümummilli lider olduğunu bütün dünyaya, eyni zamanda, daxili və xarici bədxahlara bir daha sübut etdi. Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev kimi istedadlı və bacarıqlı bir şəxsiyyətin rəhbərliyi altında dövlətimiz bu gün dinamik inkişaf yolundadır.