YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarsılmaz dostluğumuzun müttəfiqlik zirvəsi

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə möhtəşəm nailiyyətlərə imza atır. 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanılması – ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması isə müstəsna əhəmiyyətə malikdir. Postmüharibə mərhələsində Azərbaycan həm Qələbənin siyasi-diplomatik müstəvidə gücləndirilməsi, həm ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsi, həm də regionda təhlükəsizlik mühitinin möhkəmləndirilməsi üçün önəmli addımlar atır. Belə strateji fəaliyyətin nəticələrindən biri də iki il əvvəl – 15 iyun 2021-ci il tarixində qardaş Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında  Şuşa Bəyannaməsinin imzalanmasıdır.

Qars müqaviləsindən yüz il sonra iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsində bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar aydın strateji niyyət ifadə olunub. Ən əsası, Bəyannamə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edib. Sənədə əsasən, tərəfdaşlıq əlaqələri iqtisadi, siyasi, mədəni, humanitar və digər istiqamətlərlə yanaşı, hərbi-strateji sahəni də ehtiva edir. Bu isə iki dövlətin milli təhlükəsizliyinin təmin olunması üçün ortaq siyasi iradənin sərgilənməsi – birgə strateji fəaliyyətinhəyata keçirilməsidir. Digər vacib məqama nəzər salaq. Bəyannamədə vurğulanıb ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu, olduqca vacib məqam və prinsipial məsələdir.

Sənədin imzalanması mərasimində çıxışı zamanı Prezident İlham Əliyev “Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq”,-deyə vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə əlaqələrin yeni dövrdəki yol xəritəsinin müəyyənləşdirildiyini söyləyib: “Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

Bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər həm çoxşaxəli, həm də ən yüksək zirvədədir. Tərəflər beynəlxalq arenada bir-birinin maraqlarını, mənafelərini qətiyyətlə müdafiə edirlər. Xüsusilə də, suverenlik və ərazi bütövlüyünün qorunması məsələsində Bakı ilə Ankara ortaq mövqedən çıxış edir. Regionda yeni geosiyasi nizam isə məhz Azərbaycan və Türkiyənin aparıcı mövqeyi fonunda formalaşır. Ötən il - “Şuşa İli”ndə Şuşa Bəyannaməsinin hər iki ölkənin qanunverici orqanı və prezidenti tərəfindən təsdiqlənməsi Azərbaycan ilə Türkiyənin birlikdə hərəkət edərək yeni nailiyyətlər qazanmaq – yeni zirvələr fəth etmək iradəsini, əzmini və qüdrətini göstərir. Dünya bir daha Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin sarsılmazlığını görür. Biz isə dünyaya birlikdə güclü olduğumuzu nümayiş etdiririk. Biz bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığı ilə qürur duyuruq!