YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionun təhlükəsizliyinin zəmanəti

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Bu il 2021-ci ilin iyun ayının 15-də torpaqlarımız işğaldan azad edildikdən sonra tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Günündə Azərbaycan və qardaş Türkiyə əməkdaşlığının yeni səhifəsinin Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ilini qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisi və regionun təhlükəsizliyinin zəmanəti oldu.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə birliyi 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Xoş gündə də, dar gündə də Azərbaycanın yanında olan Türkiyə şanlı tarixi Zəfərimizdə xalqımızın yanında oldu. Erməni qəsbkarlarının işğalından azad edilmiş torpaqlarımızda Türkiyə-Azərbaycan bayraqları qürurla birgə dalğalandı.

Artıq Azərbaycan xalqı hər il iftixar hissi ilə Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilən Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünü qeyd edir. Dünya ictimaiyyəti yeni qlobal reallıqlar fonunda Azərbaycan və Türkiyənin beynəlxalq güc mərkəzləri kimi tanınmasının, hər iki dövlətin bir-birinə arxa-dayaq olmasının, regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə verdiyi töhfələrin şahidi olur.

Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkənin bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlığına, əbədi və sarsılmaz olan, müttəfiqlik zirvəsinə ucalan Azərbaycan və Türkiyə birliyinin təsdiqi olan tarixi sənədə diqqət çəkərək bildirib ki, bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda da Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq, bildirib ki, “Bir millət, iki dövlət” şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.

Şübhəsiz ki, böyük tarixə əsaslanan bu mühüm sənədin imzalanması ilə Azərbaycanla Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə qədəm qoyub. Bu tarixi sənəd iki qardaş ölkə arasında əməkdaşlığı gücləndirməklə yanaşı türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da inkişaf etdirilməsinə zəmin yaratdı. İki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri quruldu. Eyni zamanda, Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarət idi. Şuşa Bəyannaməsinə əsasən Qarabağda edilən investisiyaların həcmi artdı, böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yeni maliyyə yatırımları edildi.

Sevindirici haldır ki, regionun və dünyanın ən aparıcı söz sahibi olan ölkələrindən olan Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə xidmət edir. İki qardaş ölkənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, regionda yaşayan bütün xalqların inkişafı üçün geniş imkanlar yaradıb.