YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birliyimiz əbədidir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

İki il bundan əvvəl 2021-ci il iyunun 15-i Şuşada Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mötəbər hadisə baş tutdu. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev ilk dəfə Qarabağda qarşıladığı Türkiyə Prezidenti Ərdoğanla möhtəşəm Şuşa Bəyannaməsini imzaladı. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada imzalanan belə bir tarixi bəyannamə 01 fevral 2022-ci il tarixində Azərbaycan Milli Məclisi, ardınca Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya olundu.

Şuşa Bəyannaməsinin Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olan Qars müqaviləsinin imzalanmasının 100-cü ildönümündə imzalanması təsadüfi deyildi. 100 il öncə beynəlxalq güclərin bölgədə mövqe toqquşmasının intensivləşdiyi bir vaxtda Türkiyə Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinə qarant dövlətə çevrildi. Bu gün bölgədə yenə də eyni siyasi atmosfer mövcud olsa da, bugünkü günün şərtlərini həmin dövrdən fərqləndirən başlıca xüsusiyyət Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bölgədə söz sahibi olan dövlətə çevrilməsilə bağlıdır.

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bu, Türkiyə ilə birbaşa hərbi müttəfiqlik deməkdir. Bununla Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialara son qoyulmuş oldu, Ermənistan tərəfindən sərgilənən revanşist mövqe artıq əhəmiyyətini tamamilə itirdi. Çünki, bölgədə yaranan yeni geosiyasi reallıq bütün bunları mümkünsüz edir.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Azərbaycanın yanında olan Türkiyənin dövlət başçısı ilk saatlarda Azərbaycana dəstək göstərdi. Cənab Ərdoğan bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Azərbaycan Prezidenti bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə açılış mərasimlərində də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesaj oldu  ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

Təbii ki, Qars müqaviləsində olduğu kimi, Şuşa Bəyannaməsi də Ermənistanın ciddi narahatlığına səbəb oldu. Tarixə nəzər yetirsək, görərik ki, Ermənistanın hələ yüz il əvvəl imzalanan Qars müqaviləsi ilə bağlı böyük narazılıqları olub. Çünki bu müqavilə ermənilərin yeni ərazi iddialarının qarşısına birdəfəlik  keçilməz bir sədd çəkmiş oldu. Məhz bu baxımdan, Şuşa Bəyannaməsinin Qars müqaviləsinə istinad etməsi heç də təsadüfi deyildi.

Bu sənədin tarixi-strateji əhəmiyyətindən biri də odur ki, burada ilk dəfə "Zəngəzur dəhlizi" ifadəsi işlədilirdi. Dövlət başçısı İlham Əliyev də mətbuata bəyanatında bu məsələyə xüsusi diqqət çəkdi. Bildirdi ki, bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. "Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır" - deməklə, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə bağlı məsələyə tam aydınlıq gətirdi.

İki müstəqil ölkə arasında hərbi əməkdaşlığın da tarixi daha öncələrə söykənir. Bu yöndə müqavilə 11 avqust 1992-ci ildə hərbi təhsil sahəsində əməkdaşlığa dair imzalanmışdır. Müqavilə əsasında Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində minlərlə azərbaycanlı zabit hazırlanmışdır. Bu müqavilə həm də Azərbaycanın NATO ilə birgə iş potensialının inkişaf etdirilməsi, Avroatlantik məkana inteqrasiyasına mühüm töhfələr vermişdir.

Ulu öndər Heydər Əliyevin tarixə yazılmış “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə” şüarı özünün bütün mənalarında həyata keçirildiyini, vaxtilə müdrikcəsinə və uzaqgörənliklə deyilmiş fikrin reallaşdığını Şuşa Bəyannaməsi bir daha təsdiq etmiş oldu.

İki il ərzində bu müqavilənin nə qədər önəmli olduğu göz önündədir. Müharibədə məğlub olmasına baxmayaraq havadarlarına söykənərək revanşist mövqe sərgiləyən, yeni iddialarla çıxış edən Ermənistan artrıq reallıqla barışmaqdan başqa çarəsinin olmadığını anlayır. Məhz bu reallıq onların ən yüksək səviyyədə “Qarabağ Azərbaycanın tərkib hissəsidir” deməsinə qədər həllini tapmış oldu.

Prezident İlham Əliyev 2021-ci il avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsində bildirdi ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur və əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur, eləcə də bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir.

Şuşa Bəyannaməsi həm də regionun iqtisadi inkişafına xidmət edir. Çünki sənədə əsasən, ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərinin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylər əlaqələndilmiş şəkildə davam etdirilir. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviq edr. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu qlobal layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, eyni zamanda, ən çətin anlarda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyə Qafqazda yeni reallıqlar yaradıb. Bəyannamənin imzalanmasından sonra Füzuli aeroportunun açılması, Zəngilanda Azərbaycan və Türkiyə Prezidentləri arasında aparılan danışıqlar, Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması Cənubi Qafqazdakı yeni geosiyasi reallıqların sahədə təsdiqi, dosta, düşmənə nümayişidir.

Xalqımız öz dahi rəhbərinin Ümummilli lider Heydər Əliyevin 100 illiyini qeyd etdiyi bir dönəmdə bu reallıqlar bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri sözdə yox, əməldə olan qardaşlıq münasibətləridir. Cənab İlham Əliyevin “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”-fikri bu qardaşlığın bir daha təsdiqidir.

DİGƏR Xəbərlər Arxiv