YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masayuki Kukan Hisataka: Birinci Avropa Oyunları əhatə dairəsinə, əzəmətinə və möhtəşəmliyinə görə Olimpiya Oyunlarından heç nə ilə fərqlənmir

Bakıda keçirilən birinci Avropa Oyunları əhatə dairəsinə, əzəmətinə və möhtəşəmliyinə görə Olimpiya Oyunlarından heç nə ilə fərqlənmir.

Bu sözləri Dünya Koşiki Karate-do Federasiyasının və Yaponiya Koşiki Karate-do Federasiyasının prezidenti Masayuki Kukan Hisataka deyib.

Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin dəvəti ilə birinci Avropa Oyunlarının açılış mərasiminə qatılan Masayuki Kukan Hisataka bildirib ki, bu yarışlara qeyri-olimpiya idman növü olan karatenin salınması dünyada fəaliyyət göstərən çoxsaylı karate federasiyalarının da diqqətini Bakıya cəlb edib.

Birinci Avropa Oyunlarının açılış mərasimində iştirakdan böyük fəxr və qürur duyduğunu vurğulayan M.K.Hisataka qeyd edib ki, ilk dəfə Bakıda 1996-cı ildə olub. Bundan sonra Azərbaycana hər gəlişində o, ölkəmizin sürətli inkişafının və çiçəklənməsinin şahidi olub. Bakı həm gözəlliyi, həm də qədim və müasir arxitekturası ilə məni valeh edir. Bakıya hər gəlişimdə yeni tikililəri, abadlıq və quruculuq işlərini görürəm və qətiyyətlə deyə bilərəm ki, Azərbaycan son illər böyük sürətlə inkişaf edir.

Birinci Avropa Oyunlarının açılış mərasiminin onda unudulmaz təəssüratlar buraxdığını qeyd edən M.K.Hisataka bildirib ki, Bakı Olimpiya Stadionu bütün texniki parametrlərinə görə dünya standartlarına tam cavab verir.

Oyunların açılış mərasimində iştiraka dəvətə görə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə xüsusi minnətdarlığını bildirən M.K.Hisataka möhtəşəmliyi ilə seçilən açılış mərasimini heç zaman unutmayacağını vurğulayıb. “Çox möhtəşəm bir şou idi. Xüsusilə Nizami Gəncəvinin “Xəmsə”sinin orijinal təqdimatı çox xoşuma gəldi”,-deyə Dünya Koşiki Karate-do Federasiyasının prezidenti bildirib.

Azərbaycan karateçilərinin birinci Avropa Oyunlarında qazandığı nəticələri yüksək qiymətləndirən M.K.Hisataka qeyd edib ki, yarışlarda idmançılarımızın böyük uğurla çıxış etməsi ölkəmizdə bu sahənin sürətli inkişafından xəbər verir. Cəmi 12 nəfərlə təmsil olunan karate üzrə milli komandanızın 4 qızıl medal qazanması böyük müvəffəqiyyətdir. Bu, yalnız karateyə deyil, ümumiyyətlə Azərbaycanda idmana göstərilən böyük diqqət və qayğının nəticəsi kimi yüksək qiymətləndirilməlidir. Bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Qətiyyətlə deyə bilərəm ki, karateçilərinizin ustalıq səviyyəsi və texnikası xeyli artıb.

Karatenin ilk Avropa Oyunlarının proqramına daxil edilməsini yüksək qiymətləndirən M.K.Hisataka qeyd edib ki, bu, həmin idman növünün Olimpiya Oyunlarının siyahısına salınmasına böyük təkan verəcək. Dünyanın və Yaponiyanın karate federasiyaları, həmçinin digər milli karate federasiyaları bu idman növünün Olimpiya Oyunlarının proqramına salınmasına çalışır. Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyi ilə aparılan danışıqlar karatenin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının proqramına salınacağına ümid verir. Bakıda keçirilən Avropa Oyunlarında karatenin olması sevindiricidir və düşünürəm ki, bu, həmin istiqamətdə uğurun əldə edilməsində mühüm rol oynayacaq.

DİGƏR Xəbərlər Arxiv