YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sosial kibertəhlükəsizlik və dezinformasiya” mövzusunda görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı tərəfindən “Sosial kibertəhlükəsizlik və dezinformasiya” mövzusunda Nərimanov rayonunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri, kibertəhlükəsizlik üzrə nümayəndələri ilə bu sahə üzrə çalışan ekspertlərin görüşü təşkil olunub.

Görüşün məqsədi kibertəhlükəsizlik, dezinformasiyanın insan hüquqlarına təsiri və bu sahədə baş verən mənfi hallarla mübarizə üsulları haqqında cəmiyyəti maarifləndirməkdir.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, qlobal informasiya texnologiyalarının və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin edilməsi mühüm məsələlərdən birinə çevrilib. Təşkilat sədri bu sahədə son illər ərzində Azərbaycanda əhəmiyyətli işlər görüldüyünü, ölkənin milli kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və beynəlxalq trendlər nəzərə alınmaqla inkişaf etdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları və assosiasiyaları tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizin kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldiyini qeyd edib.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının müəllimi Zümrüd Əlizadə və Strateji Kommunikasiyalar üzrə mütəxəssis, MediaPost İnformasiya Agentliyinin təsisçisi Anar Əskərov kibertəhlükəsizliyin əsaslarından, texnologiya və vacib olan nüanslardan, həmçinin dezinformasiyanın insan hüquqları ilə birbaşa bağlı olmasından, bu sahədə dünyada və ölkəmizdə görülən işlərdən, informasiya axınının keyfiyyətli xarakter alması üçün aparılan mübarizədən geniş bəhs ediblər. Görüş iştirakçıları slaydlar vasitəsilə rəqəmsal məkanda və sosial mediada insanların başlıca hüquqları, kibertəhlükəsizliyə riayət edərək sosial mediadan düzgün istifadənin əsasları və digər məqamlarla tanış edilib.

Görüşdə “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev son illərdə ölkəmizdə həm dövlət, həm də özəl sektorda kibertəhlükəsizlik sahəsinin vacibliyini vurğulayıb və bu istiqamətdə artıq bir çox yenilikçi dünya təcrübəsinin tətbiqinə başlanıldığını qeyd edib.  Natiq həmçinin, kibercinayətlərə və dezinformasiyaya qarşı mübarizənin vacibliyindən söz açıb.

Görüş diskussiya formatında davam edib.