YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

105 illik yolun zirvəsi bugünkü Azərbaycandır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Yüz beş il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən  göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.  Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Suverenliyimizin əbədiliyi “Müstəqillik yolu qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləyən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” sözləri ilə müstəqilliyi hər bir xalqın tarixi neməti adlandıran, “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” bildirən  Ulu Öndər onu da vurğulayırdı ki, hər bir qurtuluşun əsasını milli azadlıq təşkil edir. Ümummilli lider Heydər Əliyevin müdrikliklə söylədiyi bu sözlər artıq reallaşıb. Dahi şəxsiyyət, eyni zamanda, bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət də ən böyük məmləkət qədər güclü olur.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1993-2003-cü illərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət bugünkü Azərbaycanın möhtəşəm uğurlarına yol açdı.   Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çətin günlərdən şərəflə çıxaraq dünya birliyində layiqli yer tutacağını böyük inam və qətiyyətlə bildirmişdir. Bu gün bu kursun layiqli davamçısı Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, təkmil islahatları ilə Azərbaycanın imzasını dünyada təsdiqləyir, əsl söz sahibi olduğunu bəyan edir.  İqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır.  Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır. Müstəqillik tariximizi yalnız bir gün deyil, daim  səhifələyib  bu reallıqla fəxr etməliyik ki,  Azərbaycan xalqı  aciz deyil,  qəhrəmanlıqla  dolu keçmişi vardır. Bu keçmişi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.

105 illik yolun ümumiləşdirilmiş ifadəsi bugünkü Azərbaycandır. Hazırda qalib Azərbaycan həyatının yeni dövrünü yaşayır. Tarixi sahibinə qayıdan torpaqlarımız cənnət məkana çevrilir. Bütün bərpa-quruculuq işlərini daxili imkanları hesabına həyata keçirən Azərbaycan iqtisadi imkanları ilə dünyanın diqqətindədir.

Təbii ki, müstəqillik tariximizin uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, Azərbaycan müstəqil siyasəti ilə davamlı uğurlara imza atır, sözünün imzası qədər əhəmiyyətli olduğunu hər addımında təsdiqləyir.

DİGƏR Xəbərlər Arxiv